NDU-da Azad İqtisadi Zonaların perspektivləri müzakirə olunub

NDU-da Azad İqtisadi Zonaların perspektivləri müzakirə olunub - FOTO

13 Mart 2026

Martın 13-də Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq ticarət və menecment” kafedrasının təşkilatçılığı ilə “Azad İqtisadi Zonalar üzrə perspektivlər: Yeni istehsal müəssisələrinin yaradılması və vergi güzəştlərinin səmərəliliyə təsiri” mövzusunda dəyirmi masa keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, i.ü.f.d., dosent Əşrəf Ələkbərov açaraq yeni iqtisadi reallıqlar müstəvisində Naxçıvan Muxtar Respublikasının Azad İqtisadi Zona kimi əhəmiyyətindən danışıb. O bildirib ki, bu status muxtar respublikanın iqtisadi inkişafına və ölkənin milli iqtisadiyyatına mühüm hərəkətverici təsir göstərə bilər.

Beynəlxalq ticarət və menecment kafedrasının müdiri, i.ü.f.d., dosent Cavadxan Qasımov çıxışında mövzunun aktuallığını diqqətə çatdırıb. Qeyd edib ki, həm Azad İqtisadi Zona imkanları, həm də Zəngəzur dəhlizinin istismara verilməsindən sonra yaranacaq yeni istehsal və xidmət müəssisələrinin fəaliyyətində vergi güzəştləri mühüm rol oynayacaq. Bu amilin bölgədə sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və reallaşdırılması baxımından yeni mərhələ yaradacağı vurğulanıb.

Daha sonra çıxış edən kafedranın əməkdaşı Zahid Qənbərov özəl sektorda vergi güzəştlərinin iqtisadi səmərəliliyə təsirindən və uzunmüddətli iqtisadi perspektivlərin genişlənməsindən bəhs edib.

Kafedranın dosenti, i.ü.f.d. İradə Bağırova Naxçıvan iqtisadi rayonunda logistik potensialın formalaşması məsələlərinə toxunub. Ardınca kafedranın müəllimləri Rövşən Tağıyev və Vüsal Hüseynov mövzu ilə bağlı çıxışlar ediblər.

Sonda mövzu ətrafında qarşılıqlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.