XIII Qlobal Bakı Forumu: Yeni geosiyasi reallıqlar fonunda Orta Dəhlizin perspektivləri
Dünya nizamının sürətlə dəyişdiyi, qlobal siyasi və iqtisadi münasibətlərin yenidən formalaşdığı bir dövrdə beynəlxalq dialoq platformalarının rolu daha da artır. Bu baxımdan XIII Qlobal Bakı Forumu qlobal siyasətin aktual məsələlərinin müzakirə edildiyi mühüm platformalardan biri kimi diqqət çəkir. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolu, regional əməkdaşlıq perspektivləri və nəqliyyat-logistika layihələrinin əhəmiyyəti barədə mühüm fikirlər səsləndirdi.
Cənab Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri regionda sülh gündəliyi və bu kontekstdə yeni nəqliyyat imkanlarının yaradılması ilə bağlı idi. Dövlət başçısı qeyd etdi ki, regionda sabitlik və əməkdaşlıq mühitinin formalaşması nəinki siyasi baxımdan, həm də iqtisadi və logistika baxımından yeni imkanlar açır. Xüsusilə Cənubi Qafqaz regionunun qlobal ticarət yollarında strateji mövqeyi bu imkanları daha da aktuallaşdırır.
Prezidentin çıxışında vurğulanan əsas məsələlərdən biri də Orta Dəhliz layihəsinin inkişafı oldu. Qeyd olundu ki, hazırda Azərbaycanın tranzit imkanlarına tələbat əhəmiyyətli dərəcədə artıb və bu səbəbdən ölkə mövcud nəqliyyat infrastrukturunun genişləndirilməsinə əlavə investisiyalar yatırır. Bu proses xüsusilə Asiya ilə Avropa arasında alternativ və təhlükəsiz ticarət marşrutlarına ehtiyacın artdığı bir dövrdə böyük əhəmiyyət daşıyır.
Bu kontekstdə Azərbaycan artıq yalnız regional deyil, həm də qlobal logistika sistemində mühüm qovşaq kimi çıxış edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkə həm şərqdə, həm də qərbdə yerləşən bir çox dövlətlərin tranzit ehtiyaclarını təmin edir. Müasir limanlar, dəmir yolları, avtomobil magistralları və enerji infrastrukturu Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
Dövlət başçısı çıxışında xüsusilə diqqətə çatdırdı ki, Ermənistan ilə sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqamətinin yaradılması üzərində fəal iş aparılır. Bu istiqamət Ermənistan ərazisindən keçməklə regionda yeni iqtisadi və logistika reallıqları formalaşdıra bilər. Prezidentin sözlərinə görə, belə bir marşrutun açılması Ermənistan üçün də yeni iqtisadi perspektivlər yaradar. Belə ki, bu ölkə müstəqil tarixində ilk dəfə real tranzit ölkəsi statusu qazana bilər.
Bu yanaşma regional əməkdaşlığın yeni mərhələyə keçə biləcəyini göstərir. Əgər sülh sazişi imzalanarsa və kommunikasiya xətləri açılarsa, bu, yalnız tərəflər üçün deyil, bütün region üçün qarşılıqlı faydalı bir vəziyyət yarada bilər. Prezident İlham Əliyev də çıxışında məhz “qarşılıqlı uduşlu vəziyyət” prinsipini ön plana çəkərək əməkdaşlıq modelinin mümkün nəticələrinə diqqət çəkdi.
Yeni marşrutun açılması Azərbaycanın iki mühüm hissəsinin – ölkənin əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin qurulmasına da imkan verə bilər. Bu əlaqə təkcə nəqliyyat sahəsini əhatə etməyəcək. Planlaşdırılan layihələr çərçivəsində enerji xətləri, optik kabel şəbəkələri, elektrik ötürücü xətləri və potensial boru kəmərlərinin çəkilməsi də nəzərdə tutulur. Bu isə bütövlükdə regionun enerji və kommunikasiya xəritəsini dəyişə biləcək strateji addım kimi qiymətləndirilir.
Əlbəttə ki, belə bir layihənin həyata keçirilməsi yalnız regional səviyyədə deyil, həm də Avrasiya məkanında iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edə bilər. Orta Dəhliz vasitəsilə Çin, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında ticarət əlaqələrinin daha sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsi mümkün olur. Azərbaycanın bu layihədə aparıcı rol oynaması ölkənin geosiyasi əhəmiyyətini daha da artırır.
Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan regionda sabitliyin və əməkdaşlığın tərəfdarıdır. Ölkə yalnız öz milli maraqlarını deyil, eyni zamanda region dövlətlərinin və daha geniş coğrafiyanın iqtisadi inkişafını nəzərə alan layihələr həyata keçirir. Nəqliyyat dəhlizlərinin açılması, enerji əməkdaşlığının genişlənməsi və yeni kommunikasiya xətlərinin qurulması bu siyasətin əsas istiqamətlərindəndir.
Beləliklə, XIII Qlobal Bakı Forumunda səsləndirilən fikirlər bir daha təsdiqlədi ki, Azərbaycan yeni geosiyasi reallıqlar şəraitində regional əməkdaşlıq və iqtisadi inteqrasiyanın aparıcı təşəbbüskarlarından biridir. Orta Dəhlizin yeni istiqamətinin yaradılması isə təkcə bir nəqliyyat layihəsi deyil, həm də regionda sülhün möhkəmlənməsi, iqtisadi inkişafın sürətlənməsi və dövlətlər arasında qarşılıqlı etimadın güclənməsi üçün mühüm addım kimi qiymətləndirilə bilər.
Bu mənada Prezident İlham Əliyevin forumdakı çıxışı həm region dövlətlərinə, həm də beynəlxalq ictimaiyyətə aydın mesaj verdi: Cənubi Qafqazda əməkdaşlıq, açıq kommunikasiya və qarşılıqlı faydaya əsaslanan yeni inkişaf mərhələsi mümkündür və Azərbaycan bu prosesdə aparıcı rol oynamağa hazırdır.
Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,








