Naxçıvanda vergi xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib

Naxçıvanda vergi xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib

14 Sentyabr 2026

2026-cı ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində 30 749 şəxs qəbul edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ"məlumat verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı, vergi uçotu və qeydiyyatı, bəyannamələr, cari vergi ödəmələri və digər məsələlərlə bağlı ümumilikdə 45 098 xidmət göstərilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz çoxdur.

Göstərilən xidmətlərin 82 faizini 9 xidmət növü təşkil edib. Bunlar arasında bəyannamələrin və cari vergi ödəmələri barədə arayışların təqdim edilməsi, vergi və sosial sığorta ödənişləri ilə bağlı qəbzlərin verilməsi, “Asan İmza” sertifikatlarının verilməsi, fiziki şəxslərin uçota alınması və uçot məlumatlarının dəyişdirilməsi, arayışların verilməsi, fəaliyyətin bərpası və əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar yer alıb.

Yanvar-avqust aylarında vergi ödəyicilərinə 844 490 məlumatlandırma xarakterli bildiriş göndərilib. Eyni zamanda, vergi ödəyiciləri ilə 81 görüş keçirilib və 464 ünvanlı xidmət göstərilib.

Hesabat dövründə 3 111 müraciət üzrə 5 310 “Asan İmza” sertifikatı verilib.