Naxçıvanlı məşhur alim vəfat edib

Naxçıvanlı məşhur alim vəfat edib

12 Yanvar 2025

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təbii Ehtiyatlar İnstitutunda elmi işlər üzrə direktor müavini, tanınmış kimya elmləri doktoru Bayram Rzayev 84 yaşında dünyasını dəyişib. Ömrünü elmə və tədqiqat işlərinə həsr etmiş Bayram Rzayevin zəngin fəaliyyəti 40 kitab və monoqrafiya daxil olmaqla, 400-dən çox elmi əsərdə öz əksini tapıb. Analitik kimya sahəsində həyata keçirdiyi yenilikçi tədqiqatlarla nəzəri bilikləri praktikaya uğurla tətbiq edən alim 20 müəlliflik şəhadətnaməsi və patentə sahib olub.

Bayram Rzayevin yarım əsrlik elmi fəaliyyəti və kimya elminə verdiyi töhfələr bu sahədə çalışan alimlər üçün örnək təşkil edir. O, Naxçıvan şəhər bilik cəmiyyətinin sədri kimi də fəaliyyət göstərib. Muxtar respublika ərazisində mineral sərvətlərin işlənməsi üzrə ilk laboratoriyanı yaratmış və həmin laboratoriyanın ilk patentini almışdır. Alimin “Arsen və Darıdağ termal suyu”, “Dəri texnologiyası”, “Molibden” və “İndium” kimi dəyərli elmi kitabları onun zəngin irsinin bir parçasıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 3 noyabr tarixli Sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülən Bayram Rzayev, 2010-cu ildə Elmin İnkişafı Fondunun birinci qrant layihəsi müsabiqəsinin qaliblərindən biri olmuşdur.

"NAXÇIVANXƏBƏRLƏRİ" kollektivi olaraq, görkəmli alim Bayram Rzayevə Allahdan rəhmət diləyir, yaxınlarına və elmi ictimaiyyətə dərin hüznlə başsağlığı veririk.