“Konstitusiya və Suverenlik İli” çərçivəsində ekoloji problemlərin həlli müzakirə edilib -

“Konstitusiya və Suverenlik İli” çərçivəsində ekoloji problemlərin həlli müzakirə edilib - FOTO

31 Yanvar 2025

Yanvarın 31-də “Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək” İctimai Birliyi tərəfindən “Konstitusiya və Suverenlik İli: Naxçıvanda Ekoloji Təhlükəsizlik və Dayanıqlı İnkişaf” mövzusunda tədbir təşkil edilib. Naxçıvan Müəllimlər İnstitutunda baş tutan müzakirənin əsas məqsədi “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasında ekoloji problemlərin həlli yollarını araşdırmaq və bu istiqamətdə ictimai maarifləndirməni gücləndirmək olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir ictimai birliyin təsisçiləri Aygül Məmmədova və Aytən Kərimovanın çıxışları ilə açılıb.
Aygül Məmmədova çıxışında Naxçıvanın ekoloji təhlükəsizliyinin və unikal təbii resurslarının qorunmasının Azərbaycan Respublikasının suverenliyi və davamlı inkişafı üçün vacib olduğunu vurğulayıb. O qeyd edib:

“Konstitusiya və Suverenlik İli çərçivəsində ətraf mühitin qorunması məsələsi xüsusi əhəmiyyət kəsb edir. Tullantıların düzgün idarə olunmaması, su ehtiyatlarının çirklənməsi və torpaq eroziyası kimi problemlər yalnız ətraf mühitə deyil, həm də cəmiyyətin sağlamlığına ciddi təsir göstərir. Bu problemlərin həlli üçün hökumət, vətəndaş cəmiyyəti və ictimai təşkilatlar birgə fəaliyyət göstərməlidir.”
Aytən Kərimova isə çıxışında ətraf mühitin mühafizəsində ictimai təşkilatların roluna diqqət çəkərək bildirib:

“Azərbaycan Respublikasının Konstitusiyası və suverenlik prinsipləri çərçivəsində ekoloji hüquqlarımızın təmin olunması mühüm əhəmiyyət kəsb edir. Ekoloji problemlərin həlli yalnız dövlət səviyyəsində deyil, həm də vətəndaş cəmiyyətinin, yerli icmaların və qeyri-hökumət təşkilatlarının aktiv iştirakı ilə mümkündür. Biz birlik olaraq, Naxçıvanda ekoloji problemlərin həllinə töhfə vermək üçün yeni layihələr həyata keçirməyi və geniş əməkdaşlıqlar qurmağı hədəfləyirik.”

Daha sonra birliyin idarə heyətinin üzvü, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin tələbəsi Bəhriyə Hüseynli və digər iştirakçılar çıxış edərək ekoloji hüquqlar, ekoloji təhlükəsizlik və suverenliyin ekoloji aspektləri barədə fikirlərini bildiriblər. Tədbir çərçivəsində Naxçıvanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində konkret təkliflər irəli sürülüb və gələcəkdə həyata keçiriləcək layihələr müzakirə edilib.