İrəvandan ucalan “Qarabağ” mahnısı Qərbi Azərbaycana qayıdışa olan böyük inamın simvoludur !

İrəvandan ucalan “Qarabağ” mahnısı Qərbi Azərbaycana qayıdışa olan böyük inamın simvoludur !

02 Fevral 2025

Qərbi Azərbaycan – Vətənimizin unudulmaz, ayrılmaz parçası... Bu torpaq əsrlərdir ki, özündə Azərbaycan ruhunu, onun tarixi varlığını yaşadır. İrəvan, Göyçə, Zəngəzur – bu adlar təkcə coğrafi məkan və torpaq parçası deyil, eyni zamanda yaddaşımızın, ruhumuzun, milli kimliyimizin bir parçasıdır. Tarix boyu bu torpaqlarda yaşamış əcdadlarımız böyük tarixi və mədəni irs yaratmışdırlar. Bir zamanlar Qərbi Azərbaycan deyəndə, göz önünə el-obasının isti ocağına yığışmış ailələr, sinəsinə saz sıxıb dastan qoşan aşıqlar, bir-birini əvəz edən nəsillər gəlirdisə, bu gün göz önünə bu yerlərdən didərgin düşən yüz minlərlə insan gəlir. İllər bir-birini əvəzləsə də, yaranın üzərinə qaysaq vurmaq istəsə də, həsrət gözlərə pərdə endirsə də, həmin insanlar hələ də doğma yurdlarına qayıdışı böyük həsrətlə gözləyirlər.

Ötən əsrin əvvəllərindən bəri Qərbi Azərbaycan, habelə Qarabağ üzərindən qurulan çirkin siyasi oyunlar böyük xalqımızın tarixində qalan ən ağrılı hadisələrdən biri oldu. Əsrin əvvələrində aparılan kütləvi qırğınlar, ardınca xalqımıza Sovet rəhbərliyi tərəfindən Qərbi Azərbaycanın erməniləşdirilməsi ilə bağlı verilmiş “töhfələr”, habelə aparılan kütləvi deportasiyalar tarixdə görülməmiş amansızlıq və ədalətsizlik nümunəsi idi. Yalnız, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda I dəfə hakimiyyətə gəlməsindən sonra tarixi ədalətsizliyin qarşısının alınması istiqamətində kəskin və birmənalı mübarizə mühiti formalaşdı, ermənipərəst qüvvələr yerinə oturduldu. Amma, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq, Heydər Əliyevin 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verməsi ermənipərəst dairələrin yenidən fəallaşmasına və Qərbi Azərbaycandan deportasiyanın sonuncu mərhələsi olan 1988-1992-ci illər deportasiyasının reallaşmasına gətirib çıxardı. Beləliklə, həm ermənilər, həm də onların havadarları çirkin əməlləri ilə Azərbaycan xalqını Qərbi Azərbaycandan didərgin sala bildilər.

Ulu Öndər xalqın sevgisi və tələbi ilə II dəfə hakimiyyətə gələndən sonra diqqətdə saxladığı əsas məsələlərdən biri də məhz Qərbi Azərbaycan məsələsi idi. Ulu Öndər Qərbi azərbaycanlılarla olan görüşlərinin birində böyük inamla demişdi:

 “Mən inanıram, mən inanıram ki, hər şey bu bölgədə ədalət naminə dəyişəcək. Mütləq, mütləq, siz gələcəkdə hələ gedib öz gözəl-göyşək Göyçə torpağını da görəcəksiniz. Öz doğma dağlarınızı, bulaqlarını, çaylarınızı da görəcəksiniz. Ata-balarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm !”

 Bu, bəzi xarici dairələrin xalqlarına verdiyi təsəlliedici sözlərin əksinə böyük bir liderin böyük xalqı qarşısında üzərinə götürdüyü böyük bir missiyanın, qarşısına qoyduğu üstün bir amalın və ən əsası bərpa ediləcək tarixi bir ədalətin simvolu halına gələn sözlər idi.

Tarix göstərdiyi ki, dahilər heç də bu dünyaya təsadüfən gəlmir. Hansı ki, bu gün Qərbi Azərbaycana Qayıdış konsepsiyası ölkəmiz üçün reallığa çevrilən və ölkəmizin üzərində işlədiyi prioritetlərdən biri halına gəlib. Xüsusilə, Vətən Müharibəsindən sonrakı dövr Qərbi Azərbaycan məsələsini əhəmiyyətli şəkildə bir daha gündəmə gətirdi. Hələ cənab Prezident İlham Əliyev 2022-ci ildə Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı vurğun edərək demişdi:

 “Mən bir də demək istəyirəm ki, biz də, qərbi azərbaycanlılar da heç vaxt inamı itirməməliyik. Eyni zamanda, addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. İşləməliyik ki, gün gələcək elə Qərbi Azərbaycanda belə görüşləri keçirib, bu günü xatırlayacağıq.”

 Bu gün tarixi ədalətin bərpası üçün həm diplomatik, həm də strateji işlərin görülməsi  Qərbi Azərbaycana olan qayıdışa böyük inamın bariz nümunəsidir. Bu istiqamətdə Azərbaycan xalqı və dövləti hər zaman olduğu kimi bir yumruq halıda birləşib, haqq yolunda mübarizə aparır. Təsadüfi deyil ki, Bakıdan, Gəncədən, Şəkidən, Lənkərandan, Naxçıvandan Qərbi Azərbaycanla bağlı səslənən hər çağırış milyonlarla soydaşımızın qəlbində ümidi alovlandırır. Yalnız, bu qayıdış təkcə bizim deyil, Cənubi Azərbaycanda yaşayan milyonlarla soydaşlarımızın da inandığı, reallaşmasını arzuladığı bir həqiqətdir. Axı Araz çayı bizi iki yerə bölsə də, millətimizi ayıra bilməyib. Axı Cənubi azərbaycanlılar bu gün də ana dilini, adət-ənənəsini yaşada, milli kimliyinə sahib çıxa, onu qoruya biliblər. Axı əsrlər bizi ayırmağa çalışsa da, ruhumuz bir olub və diri qalıb. Axı bu, tariximizin bizə borcu, bizim isə gələcək nəsillərə vəsiyyətimiz olaraq formalaşıb. Milli köklərə bağlılıq və vətən sevgisi elə bir həndəsi silsilə ilə böyüyüb ki, dünyanın harasında olursa olsun, Azərbaycan adı gələndə damarda qan coşur, ürək vətənpərvərlik hissləri ilə dolur. Bunun ən bariz nümunələrindən biri məhz Cənubi Azərbaycandan olan soydaşlarımızın Ermənistanın gözünün qarşısında, İrəvanın mərkəzində "Qarabağ" mahnısını böyük ruh yüksəkliyi ilə, çəkinmədən ifa etmələridir. Bu ifa qarşısında aciz qalan Ermənistan bu gün Fransa timsalında özünü sözdə demokratiya və azadlıqlar ölkəsi kimi təqdim edən bir ölkə kimi qeyri-hüquqi və insan haqqlarına zidd addımlar atmaqla təsəlli verməyə çalışır. Amma, Ermənistan rəhbərliyi bu gün bilməli və dərk etməlidir ki, 10 Noyabr- Üçtərəfli Bəyanatını icra etməkdən boyun qaçırmaqla, Qarabağ reallığını inkar etməklə, Qərbin siyasi xurcunuzdan çıxan qrantlara və digər əlavə maliyyə resurslarına güvənməklə Azərbaycanın Cənubi Qafqazdakı mövqeyini, Azərbaycan xalqının iradəsini və əzmini və ən əsası tarixi zərurətin qarşısını heç bir halda ala bilməyəcək. İrəvanın mərkəzində səslənən “Qarabağ” mahnısı isə bu addımlara verilmiş ən gözəl cavab, sadəcə və sadəcə tarixə yazılmış bir mesaj olaraq qalacaq – Biz hələ buradayıq, Biz qayıdacağıq !

Yusif MİRZƏZADƏ,

Naxçıvan Dövlət Universiteti

Tələbə Elmi Cəmiyyətinin sədri