Heydər Əliyev və Azərbaycan gəncliyinin inkişafı

Heydər Əliyev və Azərbaycan gəncliyinin inkişafı

01 Fevral 2025

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan (1997-ci ildə) 2 Fevral – Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmuşdur. Bundan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də Gənclər Günü qeyd olunmağa başlanılmışdır. Dünyada isə yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si Gənclər Günü elan edilmişdir.

Gənclərə verilən önəmin bariz nümunəsi olaraq, ölkəmiz bu sahədə də dünyanın bir çox ölkəsini qabaqlamışdır.

Gənclərə göstərilən diqqət və qayğı hələ Ulu Öndərin siyasi hakimiyyətinin birinci dövründə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Belə ki, ötən əsrin 70-80-ci illərində Heydər Əliyev yüzlərlə azərbaycanlı gənci keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə göndərmiş və onların müxtəlif ixtisaslar üzrə təhsil almalarına nail olmuşdur. Təkcə 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu qayğı ilə əhatə olunmuşdur. 1970-1985-ci illərdə Sovet İttifaqının tanınmış 170 ali təhsil ocağında oxuyan azərbaycanlı gənclərin sayı 3500-ə çatdırılmışdır.

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında formalaşmış, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübarizə ruhlu gənc nəslin yetişdirilməsini hədəfləmişdir. 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin, 1995-ci ildə isə Gənclər Təşkilatlarının Milli Şurasının yaradılması bunun bariz nümunəsidir. Gənclərin ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini artırmaq məqsədilə 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürülmüş və 1996-cı il fevralın 2-də gənclərin I Forumu təşkil olunmuşdur. Məhz bundan sonra 2 Fevral Gənclər Günü olaraq xalqımızın tarixinə düşmüşdür. Heydər Əliyevin təşəbbüsü ilə gənclərə geniş və açıq müzakirə tribunası təqdim edən ilk forumun keçirildiyi günün 1997-ci ildən etibarən Gənclər Günü kimi qeyd olunması bir daha təsdiq edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin və insan kapitalının məqsədyönlü inkişafının əsas istiqamətlərindən biridir.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiqləməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirlər Azərbaycan gənclərinin intellektual və yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasını təmin etmişdir. Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramları, gənclərin inkişaf strategiyası, eləcə də xaricdə təhsillə bağlı müxtəlif dövlət proqramları qəbul edilərək uğurla icra edilir. Bu sırada 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramını, habelə 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramını qeyd etmək olar.

Bu proqramlar nəticəsində minlərlə Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində dövlət hesabına təhsil almış və savadlı kadr kimi yetişmişdir. Təhsil alıb ölkəmizə geri qayıdan gənc kadrlar müvafiq işlərə qəbul olunmuş və müsabiqələr nəticəsində vəzifələrə təyinat almışdır. Buna misal olaraq son dövrlərdə dövlət və ya özəl müəssisələrdə rəhbər vəzifələrə təyin edilən gənc kadrları nümunə göstərmək olar. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan gəncliyi ilə bağlı söylədiyi fikri xüsusilə qeyd etmək istərdik:

"Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin əsas fəal hissəsidir. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər."

Bir sözlə, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman prioritet olmuşdur. Qısası, gənclərə münasibət həmin dövlətin gələcəyinə münasibətidir. Belə deyə bilərik ki, gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədardır.

Asəf ORUCOV
Naxçıvan Muxtar Respublikası
Ali Məclisin deputatı

Səfər ƏLİYEV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı