Azərbaycanda dövlət - gənclər siyasəti uğurla davam etdirilir
Gənclik gələcək deməkdir. Sağlam gənclik isə millətin və dövlətin mövcudluğu üçün ən vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin əsas məqsədi də məhz yeni nəsli fiziki, mənəvi-psixoloji cəhətdən sağlam, milli dəyərlərimizə sadiq gənclər kimi yetişdirmək və istedadlı gəncləri üzə çıxarmaqdan ibarətdir.
Ümummilli lider Heydər Əliyev gənclərə daim diqqət və qayğı ilə yanaşırdı. Göstərilən bu diqqət və qayğı sayəsində sağlam və vətənpərvər ruhda yetişən Azərbaycan gəncliyi zaman keçdikcə milli-mənəvi dəyərlərin qorunmasında, elmi, intellektual potensialın reallaşdırılmasında əhəmiyyətli rol oynamağa, dövlət institutlarında təmsil olunmağa başladı. Sözügedən proses çərçivəsində müxtəlif ictimai birliklər yaradaraq ölkəmizi xarici arenada da təmsil etməyə başlayan gənclərin inkişafı, beləcə, keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Məhz bundan sonra Azərbaycanda gənclər siyasəti daha da genişlənərək imzalanmış fərman və sərəncamlar, verilmiş qərarlar fonunda mahiyyətcə yeni mərhələyə yüksəldi. Ulu öndər Heydər Əliyevin 1997-ci il 1 fevral tarixli Sərəncamı ilə 2 fevral tarixinin Azərbaycanda Gənclər Günü elan edilməsi isə bu istiqamətdə atılan növbəti addım oldu.
“Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”, – deyən ölkə Prezidenti cənab İlham Əliyev də öz qərarları ilə ulu öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini nümayiş etdirdi. 2005-ci ildə “Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009) təsdiq edilməsi haqqında” imzalanmış Sərəncam da məhz gənclərə olan dövlət qayğısının davamı idi. 2007-ci ili ölkədə “Gənclər ili” elan etməklə ölkə Prezidenti cənab İlham Əliyev gənclərin inkişafına nə qədər böyük əhəmiyyət verdiyini ortaya qoydu. 2011-ci ildə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul edilməsi isə dövlət başçısının “Bugünkü gənc sabah ölkəmizi idarə edəcək” tezisindən doğan gənclərə etimad və münasibətinin əyani təzahürü oldu. Bütün bunlarla yanaşı, gənclərin hərtərəfli inkişafı üçün Gənclər Mərkəzinin, Gənclər Fondunun yaradılması, gənc ailələrin dəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi və bu kimi tədbirlər gəncliyin daha həvəslə çalışmasına və dövlətçiliyin müdafiəsində fəal iştirakına əlavə stimul verdi.
Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin Azərbaycanda uğurla aparılan gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan bu gün dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bölgələrdə Olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiada və dünya çempionatlarında uğurlu çıxışları bunun əyani sübutudur. Cənab İlham Əliyevin bütün gənclərə, xüsusən idmançı gənclərə dəstək istiqamətində verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsidir.
Bu gün müasir Azərbaycan gəncliyi haqqında ən müsbət fikirləri söyləmək və gənclərlə qürurlanmaq mümkündür. Bu gün Azərbaycan gəncinin səsi dünyanın ən nüfuzlu ali məktəblərində eşidilir, kreativ yaradıcı gənclərin yeni kəşfləri, ixtiraları dünya miqyasında yüksək mükafatlara layiq görülür. Azərbaycan gəncliyi bütün sahələrdə aparıcı qüvvə kimi iştirak edir, yaradıcılıq eşqi, yüksək potensialı ilə dövlətimizin inkişafı naminə çalışır.
Gənclik yeni nəsil deməkdir. Kökünə bağlı, əcdadının yolu ilə gedən, milli, mənəvi dəyərlərinə sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz gücdür. Bu gün Azərbaycan gənci həm də yüksək vətənpərvərlik ruhunda böyüyən qəhrəmandır, igiddir. 44 günlük Vətən müharibəsindəki Şanlı Zəfər bunun bariz təcəssümüdür. Məhz müstəqillik dövrünün gəncləri göstərdiyi şücaət, igidliklə adlarını Azərbaycan tarixinin şərəfli səhifələrinə yazdılar. Bu tarixi Zəfər eyni zamanda xalqın, xüsusən Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, Vətən, dövlət, bayraq sevgisini parlaq şəkildə nümayiş etdirdi. Ali Baş Komandan cənab İlham Əliyevin çağırışına səs verərək könüllü şəkildə silaha sarılan gənclər vətən uğrunda qan töküb can verdilər. Bu savaşda vətən uğrunda döyüşmək, vətəni sevmək, vətəni qorumaq gənclərin əsas vəzifəsi idi və bütün bunlar Azərbaycan gəncinin simasında öz ifadəsini tapdı.
Qafar QƏNBƏROV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı