Naxçıvanda qarölçmə işləri aparılıb - FOTO
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Suların İstifadə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti “SEDAM” MMC 14 saylı Regional Sahənin mütəxəssisləri tərəfindən Şahbuz rayonunda marşrutu üzrə qarölçmə işləri aparılıb, qarın hündürlüyü, kütləsi ölçülərək sululuğu və sıxlığı təyin edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qarölçmə işlərinin aparılmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyində istehsalat təcrübəsi keçən Naxçıvan Dövlət Universitetinin ekologiya mühəndisliyi və coğrafiya ixtisasları üzrə təhsil alan tələbələri də iştirak ediblər.
Naxçıvançay hövzəsində, Biçənək kəndi – Biçənək aşırımı istiqamətində 1900–2450 m yüksəkliklərdə aparılan ölçmələrə əsasən qar örtüyünün orta hündürlüyü 65 sm olub.
Əldə olunan məlumatlar su ehtiyatlarının hesablanması, çayların sululuğunun proqnozlaşdırılması və sel, daşqın, qar uçqunu risklərinin qiymətləndirilməsi üçün istifadə olunacaq.











