Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib -

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib - FOTO

20 Mart 2026

Martın 20-də Novruz bayramı münasibətilə "Naxçıvanqala" Tarix Memarlıq Muzey Kompleksində geniş ümumxalq şənliyi təşkil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət və hökumət nümayəndələri iştirak ediblər.

İlk olaraq “Dədə Qorqud” obrazı və Bahar qızının iştirakı ilə rəmzi qarşılanma mərasimi keçirilib, el ağsaqqalı tərəfindən xeyir-dua verilib, bayram tonqalı alovlandırılıb.

Şənlik çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə müxtəlif folklor nümunələri, o cümlədən Keçəl və Kosa məzhəkəsi, “Qodu-qodu”, “Xanbəzəmə” mərasimləri, eləcə də “Çəmənli” yallısı nümayiş olunub. Müxtəlif rayonların folklor kollektivləri və musiqi qrupları çıxış edərək bayram əhval-ruhiyyəsini daha da yüksəldiblər. Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının çıxışı, milli musiqi alətlərində ifalar və rəqs kompozisiyaları böyük maraqla qarşılanıb.

Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan sərgi və stendlərə baxış keçirilib. Burada peşə təhsili, STEAM layihələri, eləcə də müxtəlif əl işləri nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təqdim etdiyi məhbusların əl işləri, yerli sənətkarların hazırladıqları məhsullar maraqla qarşılanıb.  Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bədii gimnastika, kinkboksinq və  və digər idman növləri üzrə nümayişlər təşkil edilib. Bundan əlavə, pəhləvan şousu təqdim olunub.

Bayram şənliyində ictimai iaşə xidməti də göstərilib.