Məcburi gətirilmə barədə qərar hansı hallarda qəbul edilə bilər ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Məcburi gətirilmə barədə qərar hansı hallarda qəbul edilə bilər?
Cavab: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məcburi gətirilmə şəxsin cinayət prosesi aparan orqana məcburi çatdırılmasından, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında onun iştirakının məcburi təmin edilməsindən ibarətdir.
Məcburi gətirilmə cinayət prosesində iştirak edən və cinayət prosesini həyata keçirən orqana çağırılan şəxsə cinayət prosesini həyata keçirən orqanın məcburi çağırışlarına üzürlü səbəb olmadan gəlmədikdə, cinayət prosesini həyata keçirən orqanın çağırışlarını almaqdan boyun qaçırdıqda, cinayət prosesini həyata keçirən orqandan gizləndikdə və daimi yaşayış yeri olmadıqda tətbiq edilə bilər.
14 yaşınadək olan şəxslərin, hamilə qadınların, ağır xəstələrin, habelə xüsusi ittihamçının məcburi gətirilməsinə yol verilmir.
Məcburi gətirilmə cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı və ya cinayət prosesi iştirakçılarının vəsatəti ilə məhkəmənin qərarı əsasında həyata keçirilir.
Məcburi gətirilmə barədə qərar təhqiqat orqanı və ya qanunla üzərinə bu vəzifə qoyulmuş digər orqan tərəfindən icra olunur.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov