Hansı vaxtda şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cinayət törətdiyi gündən hansı müddət keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz?
Cavab: Cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz:
1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə;
2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə;
3. ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə;
4. xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə.
Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır.
Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov