Servitut dedikdə nə başa düşülür ? -

Servitut dedikdə nə başa düşülür ? - HÜQUQ MƏSLƏHƏTİ

30 Yanvar 2025

Sual: Servitut dedikdə nə başa düşülür?

Cavab: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinə əsasən:

1. Servitut — bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər Torpaq Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır .

2. Servitut — torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər.

3. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır.

4. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər:

torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək;

torpaq sahəsindən fərdi, kommunal, mühəndis, elektrik və digər xətt və şəbəkələrin çəkilməsi və təmiri üçün istifadə etmək;

torpaq sahəsində drenaj işləri aparmaq;

torpaq sahəsində su toplamaq və içməli su götürmək (mal-qaranı suvarmaq);

torpaq sahəsindən mal-qaranı keçirmək;

yerli şəraitə və adətlərə uyğun olaraq, özgənin torpaq sahəsində ot biçmək və mal-qara otarmaq;

torpaq sahəsindən axtarış, tədqiqat və digər işlərin aparılması üçün müvəqqəti istifadə etmək;

qonşu sahədə dayağı olan və ya müəyyən hündürlükdə qonşu sahəsinə keçən tikililər və qurğular ucaltmaq;

qonşu sahədə müəyyən hündürlükdən artıq olan tikililərin və qurğuların ucaldılmasını qadağan etmək;

torpaq sahəsində qoruyucu meşə əkinləri və zolaqları salmaq və digər təbiətqoruyucu obyektlər yaratmaq;

qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar.

5. Servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir.

Sualı cavablandırdı: Şahbuz rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas - Yaqub Salamzadə