Azərbaycan Respublikası: dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərinin ev sahibi

Azərbaycan Respublikası: dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərinin ev sahibi

18 May 2026

İlham Əliyev: 2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir.

Azərbaycan Respublikası müzəffər Ali Baş Komandanımızın müdrik rəhbərliyi nəticəsində növbəti beynəlxalq miqyaslı tədbirə ev sahibliyi etməkdədir. Belə ki, 17-22 may 2026-ci il tarixlərində Bakı şəhərində BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Hökumətinin birgə təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) öz işinə başlamışdır. Qeyd edək ki, bu mötəbər tədbirin milli əhəmiyyəti ilə olduğu kimi, beynəlxalq səviyyəli aktuallığı da diqqəti çəkməkdədir. Tədbirlə bağlı 16 may 2026-cı il tarixinə olan məlumatlarla tanış olarkən aydın olur ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib. Bu, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin məlumatlarında öz əksini tapmışdır.

Qeyd edək ki, Forum, Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə güclü münasibətləri müstəvisində baş tutmuş olur və dayanıqlı şəhərsalma, “ağıllı şəhərlər” və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə istiqamətlənmişdir. Təbii olaraq, bu tədbiri, ölkəmizin xüsusilə də, işğaldan azad olunan ərazilərində bu sahədə həyata keçirilmiş olan bərpa və yenidənqurma işlərinin dünya miqyasında dəstəklənməsinin ifadəsi olaraq daha çox əlamətdar olduğunu qeyd etmək olar. Eyni zamanda, burada, ölkəmizin yeni prioritetlərinin nəzərə alınması, onun reallaşdırılması və uğurla nəticələnməsi sahəsindəki təşəbbüslərinin də diqqətdə olduğunu qeyd etmək olar. Bütün bu proseslər, dünya ölkələrinin, beynəlxalq iqtisadiyyatın və bu sahədəki münasibətlərin olduqca zəruri tərəflərini ifadə etməkdədir.

Ölkəmizin paytaxtında keçirilən WUF13 tədbiri “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş mötəbər bir forumdur. İqtisadi inkişafın indiki mərhələsində, belə bir qlobal tədbirin Bakı şəhərində keçirilməsi, Azərbaycan Respublikasının davamlı islahatlarla daha güclü dayaqlarını yaratmış olduğu milli iqtisadiyyata hərtərəfli təsirinə görə xarakterizə oluna bilər. Xüsusilə də, milli və beynəlxalq miqyasda investisiya axını, turizm təsisatlarının və mobilliyinin, eyni zamanda da, əlverişli və etibarlı biznes mühitinin əsaslarının yaradılması baxımından çoxistiqamətli gerçək təsirlərinə görə izah oluna bilər. Həmçinin, bu, ölkəmizin milli iqtisadiyyatının sahə strukturunun daha da təkmilləşdirilməsi istiqamətində olduqca əlamətdar olmaqdadır.

Digər tərəfdən, bu mötəbər tədbirin Bakı şəhərində reallaşmış olması, mahiyyətinə görə ilkin olaraq, Azərbaycan Respublikasının beynəlxalq miqyaslı iqtisadi görünürlüğünü daha da təkmilləşdirən təşkilati platforma funksiyasını yerinə yetirmiş olur. Forum barəsində rəsmi məlumatlarına əsasən, 17–22 may 2026-cı il tarixlərində öz işinə başlayan tədbirin keçirilməsi ilə hökumətlərin, beynəlxalq təşkilatların, şəhərsalma mütəxəssislərinin, investorların, inkişaf agentliklərinin və özəl sektor təmsilçilərinin bir araya gəlməsinə zəmin olmuşdur. Təbii olaraq, belə bir tədbirlərdə təşəkkül tapan perspektivli münasibətlər, yeni təşəbbüslər və səmərəli işbirlikləri nəticə etibarı ilə, uzunmüddətli investisiya qərarlarının qəbul olunması proseslərində olduqca mühüm nəticələrinə görə seçilmiş olacaq. Bütün bunlarla yanaşı, bu tədbir, ölkəmizin ev sahibliyi ilə yanaşı, həm də, onun son dərəcə faydalı münasibətlərin mərkəzinə çevrilməklə, reputasiyası, siyasi sabitliyinin güclənmiş olması və institusional etimadın daha da təkmilləşməsi amillərinin güclənməsi ilə yadda qalacaq. Tədbirlə bağlı perspektivlər daha çoxdur, əhatəlidir və dayanıqlıdır. Belə ki, WUF13 tədbirinin keçirilmiş olması, şəhər infrastrukturunun modernləşirilməsi, tikinti sahəsində tarixiliklə müasirliyin vəhdətinin diqqətdə saxlanılması, rəqəmsal idarəetməyə dayanıqlı keçidin dəstəklənməsi, kommunal xidmətlərin səmərəliləşdirilməsi, yaşıl texnologiyalardan faydalı istifadə olunması və daşınmaz əmlak bölmələrində yeni və effektiv tərəfdaşlıqların yaradılması üçün əlverişli zəmin ortaya çıxmış olacaq.

Forum çərçivəsində yaranacaq əməkdaşlıqlar, milli və beynəlxalq iqtisadi münasibətlərin inkişaf potensialı və qarşıdakı illər üzrə yaranacaq perspektivlər, investisiya təsisatlarının gücləndirilməsi sahəsində olduqca səmərəli olacaqdır. İnvestisiya tədbirləri çərçivəsində WUF13 birbaşa kapital axınından daha çox “investisiya siqnalı” funksiyasını reallığa çevirmiş olur. Xüsusilə də, ölkəmizin postmünaqişə mərhələsində gerçəkləşdirmiş olduğu şəhərsalma, ağıllı şəhər və bərpa layihələrinin forum çərçivəsində təqdim olunması, eyni zamanda, ölkənin yeni iqtisadi transformasiya modelinin təqdim olunması baxımından əhəmiyyətlidir. Qeyd olunanlar, xüsusilə dövlət-özəl tərəfdaşlığının güclənməsi, şəhər infrastrukturunun maliyyə təminatının dayanıqlılığı və texnologiya transferinin səmərəlilyi istiqamətlərində orta müddətli investisiya perspektivlərini daha da şaxələndirə bilər.

Bəhs olunan qlobal miqyaslı tədbirin keçirilməsi, ölkəmizin milli iqtisadiyyatının ənənəvi sahələri ilə birlikdə, yeni uzunmüddətli prioritetləri çərçivəsində də əlamətdar olacaq. Yeni iqtisadi reallıqlar müstəvisində, turizm bölməsi baxımından belə beynəlxalq tədbirlər qısa və uzunmüddətli təsir mexanizmlərinə görə seçilməkdədir. Qısamüddətli təsir kimi, xüsusilə, hotellərin doluluq səviyyəsinin artması, restoran, nəqliyyat, tədbir xidmətləri və şəhərdaxili istehlakın şaxələnmiş olması ilə müşahidə olunur. Uzunmüddətli təsir isə Azərbaycan Respublikasının biznes turizmi və konqres turizmi xəritəsində daha mütərəqqi mövqe ortaya qoyması ilə ifadəsini tapır. Məhz WUF13 platforması əsasında ölkənin mədəni-tarixi irsi, modern şəhər infrastrukturu və urban transformasiya modeli beynəlxalq auditoriyaya təqdim olunur ki, bu da sonrakı dövrlərdə yeni tədbirlərin, sərgilərin və biznes forumlarının cəlbinə müsbət təsir göstərə bilər. Yeni innovativ yanaşmaların, rəqəmsal iqtisadi baxışların, süni intellektdən səmərəli istifadə imkanlarının nəzərə alındığı məsələlər forumun gətirmiş olduğu perspektivlər içərisində yerini alacaqdır.

Cavadxan QASIMOV

Naxçıvan Dövlət Universitetinin dosenti,  İqtisad üzrə fəlsəfə doktoru