Akademik İsmayıl Hacıyevin “Möminə xatun türbəsi” kitabı nəşr olunub

Akademik İsmayıl Hacıyevin “Möminə xatun türbəsi” kitabı nəşr olunub

18 May 2026

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Möminə xatun türbəsi. Dünya əhəmiyyətli möhtəşəm abidə” adlı kitabı nəşr olunub.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən 64 səhifəlik nəşr dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Möminə xatun türbəsinə həsr edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncamı ilə elan olunan “Şəhərsalma və Memarlıq ili”nə ithaf edilən kitabda görkəmli Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin həyat və yaradıcılığı, Möminə xatunun şəxsiyyəti və fəaliyyəti, türbənin memarlıq xüsusiyyətləri, kitabələri, eləcə də abidədə aparılmış bərpa və konservasiya işləri haqqında geniş məlumat təqdim olunur.

Nəşrdə, həmçinin Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin zəngin tarixi-mədəni irsinin qorunması, bərpası və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirdikləri ardıcıl dövlət siyasətindən bəhs edilir. Kitabda İlham Əliyevin Möminə xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı 22 may 2025-ci il tarixli, Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illik yubileyinin qeyd olunması haqqında 30 dekabr 2025-ci il tarixli, həmçinin memarın Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması barədə 18 sentyabr 2025-ci il tarixli sərəncamlarının tam mətnləri də yer alıb. Bununla yanaşı, nəşrdə Azərbaycan Atabəylər dövlətinin memarlıq irsi, milli memarlıq ənənələri və Naxçıvan memarlıq məktəbinin dünya memarlıq tarixində tutduğu mühüm yer elmi faktlarla əsaslandırılıb.

Kitabda Möminə xatun türbəsinin memarlıq xüsusiyyətlərini əks etdirən zəngin fotoşəkillər və illüstrasiyalar da yer alıb. Türbənin ornamentləri, kufi xətti ilə işlənmiş kitabələri, həndəsi naxışları, stalaktit tağça elementləri və giriş hissəsinin memarlıq detallarının vizual şəkildə təqdim olunması nəşrin elmi-estetik dəyərini daha da artırır. Fotoşəkillər oxucuda abidənin bədii-memarlıq zənginliyi haqqında dolğun təsəvvür formalaşdırır.

Diqqətçəkən məqamlardan biri də kitabda məlumatların Azərbaycan dili ilə yanaşı, ingilis dilində də təqdim olunmasıdır. Bu yanaşma nəşrin beynəlxalq elmi ictimaiyyət üçün əlçatanlığını artırmaqla yanaşı, Naxçıvanın zəngin memarlıq irsinin və Əcəmi Əbubəkr oğlu Naxçıvani yaradıcılığının dünya miqyasında daha geniş tanıdılmasına xidmət edir.

Zəngin elmi məzmunu və tarixi mənbələrə əsaslanan araşdırmaları ilə seçilən kitab qədim Naxçıvanın memarlıq irsinin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Nəşr tarixçilər, tədqiqatçılar və geniş oxucu auditoriyası üçün dəyərli elmi mənbə olmaqla yanaşı, Azərbaycan milli memarlıq məktəbinin beynəlxalq səviyyədə tanıdılmasına da mühüm töhfə verir.