Tarixin yaddaşı, gələcəyin ünvanı
Xalqların keçmişini yaşadan, onların tarixi yaddaşını gələcək nəsillərə ötürən məkanlardır muzeylər. Hər muzey xalqın keçdiyi yolu, qazandığı zəfərləri, yaşatdığı mədəniyyət nümunələrini özündə əks etdirən canlı salnamədir. Xalqımızın tarixini, dövlətçilik ənənələrini, ədəbiyyatını, mübarizə ruhunu və milli-mənəvi sərvətlərini yaşadan bu mədəniyyət ocaqları zəngin irsimizin qorunması və təbliği baxımından müstəsna əhəmiyyət daşıyır. Bu gün respublikamızın bütün bölgələrini əhatə edən muzey şəbəkəsi nadir eksponatların, sənət incilərinin və milli sərvətlərimizin nümayiş olunduğu mühüm elm və mədəniyyət mərkəzlərinə çevrilib.
UNESCO-nun Beynəlxalq Muzeylər Şurasının 1977-ci ildə qəbul etdiyi qərara əsasən hər il 18 may bütün dünyada "Beynəlxalq Muzeylər Günü" kimi qeyd olunur. Bu əlamətdar günün əsas məqsədi ictimaiyyətin diqqətini mədəni irsin qorunmasına yönəltmək, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına töhfə verməkdir. Muzeylər bu baxımdan təkcə keçmişi qoruyan deyil, həm də xalqları bir-birinə bağlayan mənəvi körpü rolunu oynayır.
Azərbaycanda muzey işi qədim ənənələrə söykənsə də, onun müasir inkişaf mərhələsi XIX əsrin ikinci yarısından başlayıb. Bu dövrdə ictimai-siyasi və mədəni həyatda baş verən yeniliklər muzey işinin formalaşmasına təkan verib. İlk muzey təşəbbüslərindən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində yaradılıb. Bu təşəbbüs Azərbaycan muzeyçilik tarixində mühüm başlanğıc kimi yadda qalıb.
Ölkəmizdə muzey işinin sistemli inkişafı isə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət Azərbaycanın tarixi-mədəni irsinin qorunmasını daim diqqət mərkəzində saxlayaraq bu sahənin inkişafına xüsusi qayğı göstərmişdir. Onun təşəbbüsü ilə Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunmuş memorial-xatirə muzeyləri, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri yaradılmış, ötən əsrin 70-ci illərindən etibarən respublikada yüzdən çox yeni muzey fəaliyyətə başlamışdır.
Bu gün Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir. Prezidentin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" sərəncamları, regionlarda fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun yenidən qurulması və təchiz olunması istiqamətində həyata keçirilən tədbirlər bu sahənin hüquqi və maddi-texniki bazasını daha da möhkəmləndirib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər nəticəsində muzeylərimizin beynəlxalq əlaqələri genişlənib, yeni mədəniyyət ocaqları yaradılıb. Xüsusilə işğaldan azad olunan Qarabağda muzeylərin yaradılması dövlətin mədəni siyasətinin prioritet istiqamətlərindəndir.
Naxçıvan Muxtar Respublikasında da muzeyçilik ənənələri dərin köklərə malikdir. Məhz burada, 1896-cı ildə Cəlil Məmmədquluzadənin təşəbbüsü ilə ilk muzey yaradılmışdır. Müstəqillik illərində muxtar respublikada muzeylərin inkişafı yeni mərhələyə qədəm qoyub. Bəhruz Kəngərli Muzeyi, Cəlil Məmmədquluzadənin ev muzeyi, "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi, Dövlət Bayrağı Muzeyi, Xatirə Muzeyi, Məmməd Arazın ev muzeyi, Məhəmməd Tağı Sidqinin ev muzeyi və digər mədəniyyət ocaqları bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.
Ulu öndərin adını daşıyan ilk muzeyin məhz Naxçıvanda yaradılması muxtar diyarın mədəni həyatında mühüm hadisədir. 2023-cü ildə Heydər Əliyev Muzeyinə "muxtar respublika" statusunun verilməsi də bu mədəniyyət ocağının xüsusi əhəmiyyətini bir daha təsdiqlədi.
Muzeylərə marağın artması bu sahədə aparılan məqsədyönlü siyasətin nəticəsidir. Təkcə bu ilin ilk üç ayında muxtar respublikanın muzeylərini 63 min 291 nəfər ziyarət edib. Onların arasında məktəblilər, tələbələr və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan şəxslər üstünlük təşkil edir. Bu müddətdə təşkil olunan minlərlə ekskursiya, açıq dərs, mühazirə və mədəni-kütləvi tədbirlər gənc nəslin milli tarixə və mədəni irsə marağının artırılmasına xidmət edib.
Muzeylər xalqın yaddaşı, tariximizin aynası, keçmişlə gələcək arasında qurulan möhkəm mənəvi körpüdür. Hər bir eksponat özündə bir dövrün nəfəsini, bir xalqın həyat tərzini, düşüncə dünyasını və mübarizə tarixini yaşadır. Muzeylər vasitəsilə gənc nəsil öz köklərini tanıyır, milli-mənəvi dəyərlərimizi daha dərindən mənimsəyir və tarixi irsimizin əsl dəyərini anlayır. Keçmişini unutmayan, onu qoruyub yaşadan xalq gələcəyini daha möhkəm təməl üzərində qurur, sabaha daha böyük inamla addımlayır.
Bu gün muzeylər yalnız tariximizi nümayiş etdirən məkanlar yox, həm də maarifləndirici, tərbiyəedici və vətənpərvərlik hisslərini aşılayan mühüm mədəniyyət ocaqlarıdır. Burada nümayiş olunan hər bir tarixi nümunə gələcək nəsillərə bir mesaj, bir çağırışdır: öz keçmişini tanı, onu qoru və yaşat. Məhz buna görə də muzeylərə göstərilən diqqət sadəcə mədəniyyət sahəsinə verilən dəstək yox, milli kimliyimizin, dövlətçilik ənənələrimizin və tarixi yaddaşımızın qorunmasına göstərilən ali ehtiramın ifadəsidir. Muzeylərimizi qorumaq, zənginləşdirmək və gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur.
Məmməd HÜSEYNLİ
Mədəniyyət Nazirliyinin əməkdaşı








