15 milyardlıq ticarət dövriyyəsində Naxçıvanın iqtisadi rolu -

15 milyardlıq ticarət dövriyyəsində Naxçıvanın iqtisadi rolu - MÜSAHİBƏ

03 Fevral 2025

Azərbaycan və Türkiyə arasında son dövrlərdə iqtisadi əməkdaşlıq sahəsində mühüm addımlar atılır. İki ölkə arasında imzalanan iri həcmli müqavilələr ticarət dövriyyəsinin artırılmasına və qarşılıqlı investisiyaların genişlənməsinə zəmin yaradır. Hazırda 5 milyard dollar olan illik ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollara çatdırılması hədəflənir. Bu məqsədə nail olmaq üçün əsas logistik qovşaqlardan biri kimi Naxçıvan Muxtar Respublikası xüsusi əhəmiyyət daşıyır.

İqtisadçı-ekspert Natiq Cəfərli "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirib ki, Azərbaycanın Türkiyə ilə yeganə quru sərhədinin Naxçıvan üzərindən keçməsi bu regionun strateji əhəmiyyətini daha da artırır. Son illərdə Muxtar Respublikanın iqtisadi inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilib. Naxçıvan dotasiyadan çıxaraq özünü maliyyələşdirə biləcək bir regiona çevrilməyi planlaşdırır.

Natiq Cəfərli bildirib ki, Türkiyədən Naxçıvana sərmayə qoyuluşu artıq reallığa çevrilməkdədir. Türk iş adamlarının Muxtar Respublikaya marağı böyükdür və bu, yaxın gələcəkdə bölgədə yeni istehsal müəssisələrinin açılmasına şərait yarada bilər. Azərbaycan hökuməti də Naxçıvanın iqtisadi potensialını artırmaq üçün bölgədə azad iqtisadi zona yaradılması istiqamətində işlər aparır. Bu model Naxçıvana vergi və gömrük güzəştləri hesabına xarici sərmayədarları cəlb etməyə imkan verəcək.

"Bununla yanaşı, bölgənin ticarət və tranzit imkanlarını genişləndirmək üçün yeni infrastruktur layihələri həyata keçirilir. Türkiyə ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, yeni logistik dəhlizlərin çəkilməsi və ticarət yollarının inkişaf etdirilməsi nəzərdə tutulur. Bu proseslərin nəticəsi olaraq Naxçıvanın Azərbaycanla yanaşı, bütün region üçün mühüm logistik mərkəzə çevrilməsi mümkündür".

Ekspert bildirir ki, Naxçıvan təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə Avrasiya regionunda nəqliyyat və ticarətin əsas qovşaqlarından birinə çevrilə bilər.

"Bütün bu faktorlar Naxçıvanın gələcəkdə daha böyük iqtisadi gücə sahib olacağını göstərir. Bölgənin strateji coğrafi mövqeyi, azad iqtisadi zona kimi inkişaf perspektivi və artan investisiya axını onu regional və beynəlxalq ticarət mərkəzinə çevirə bilər.
Beləliklə, Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının inkişafı fonunda Naxçıvanın rolunun daha da güclənəcəyi gözlənilir. Bu proseslər yalnız Naxçıvanın iqtisadiyyatını deyil, bütövlükdə Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığı da möhkəmləndirəcək". - deyə iqtisadçı-ekspert bildirib.