Azərbaycan gəncliyi bu ölkənin gələcəyidir

Azərbaycan gəncliyi bu ölkənin gələcəyidir

01 Fevral 2025

Gənclik sanki bir fidana bənzəyir onu qorumaq və qayğısına qalmaq isə hər bir təcrübəli vətəndaşın üzərinə düşür. Azərbaycan gəncliyinin də ən böyük hamisi Ulu Öndər Heydər Əliyev idi. Ümummilli liderimiz gəncliklə bağlı deyirdi: “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır.” Məhz bu prinsiplərlə gələcəyimiz olan gənclərin sağlam inkişafı üçün ən mühüm dövlət proqramları Ulu Öndərin Azərbaycanda hakimiyyətə qayıdışından sonra daha mükəmməl şəkildə həyata keçirilməyə başladı. Dövlət gənclər siyasəti hər zaman prioritet məsələ kimi onun nəzarətində oldu. Gəncləri dövlətçilik sahəsində səfərbər etmək, onları vahid bir qüvvə kimi birləşdrimək üçün  Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bundan sonra isə gəncləri müxtəlif sahələrdə dövlətçiliyimizin keşiyində, vətənə, dövlətə xidmətdə qazandıqları uğurlarla müşahidə eləməyə başladıq.  Azərbaycan dövləti bu gənclərin müasir düşüncəsi ilə dünyada gedən yeniliklərə,  iqtisadi proseslərə, modernləşməyə tez bir zamanda nəinki uyğunlaşdı, Ümummilli liderin rəhbərliyi ilə daha da inkişaf eləmə mərhələsinə qədəm qoydu.

 Müasir  dünyada gedən islahatları, iqtisadi, sosial, mədəni tərəqqini  yaxından görmək və birbaşa iştirakçısı olmaq, yeni təcrübələri təməlindən öyrənmək üçün  xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirildi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. Qazanılan təcrübələri, nailiyyətləri artıq bölüşmək üçün məqam yetişmişdi. Buna görə də  Ümummilli Liderin təşəbbüsdən sonra 1996-cı ildən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanıldı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bundan sonra isə onun çağrışına cavab verən gənclərin əməyini, zəhmətini xüsusi qiymətləndirən  Ulu Öndər 2 fevral 1997-ci il tarixində imzaladığı Sərəncamla ölkəmizdə gənclərə özəl bir hədiyyə etdi:  fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi.  Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Gənclərin fəaliyyəti, təhsil, idarəetmə sahəsində uğurları artmağa başladı. Artıq siyasi cəhətdən yetişmiş vətənpərvər gənclər ordusu formalaşırdı.  Ulu Öndərin  1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradıldı. Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edildi. Eyni zamanda Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradıldı.

Bu ənənə ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi. “İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.” – deyən Ölkə başçısı  onlarda özünəinamı daha da gücləndirdi. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaratdı. İndi gənclər regionda sürətlə inkişaf edən, iqtisadi cəhətdən lider ölkə olan  Azərbaycanın bir çox sahələrdə diktə edən tərəf olduğunu gözəl dərk edir və bu işlərə uğurla rəhbərlik edən cənab Prezidentimizin ətrafında daha sıx birləşir. 2007-ci il “Gənclər ili” elan olundu. Bu isə gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsi üçün stimul rolunu oynadı.

İndi Azərbaycan gənci sürətlə inkişaf edən müstəqil ölkənin sabahını uğurla təmsil edir. İndi ölkəmizdə gəncləri öz ətrafında birləşdirən “Gənclər evi”, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi ilə yaradılan Gənclər Fondu fəaliyyət göstərir. Avropa gənclərinin musiqi bayramı “Bakı Eurovision-2012”, sayca 57-ci Avroviziya Mahnı Müsabiqəsi Bayraq meydanında inşa olunmuş “Baku Crystal Hall”da baş tutdu. Bu isə dünyanın və Avropanın gənclərinin nəzərinin Azərbaycana yönəlməsi demək idi. Belə ki, 43 ölkə təmsil olunan bu möhtəşəm tədbir zamanı Bakı Avropa musiqisinin paytaxtına çevrilmişdi.

İndi dövlətçiliyimizə, milli dəyərlərimizə, elmə,  mədəniyyətimizə və digər sahələrə inamla xidmət edən gənclər “Gənclər üçün Prezident Mükafatı”na layiq görülürlər.  

2009-cu il iyunun 9-da “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzaladı.  Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir. Gənclərə göstərilən dövlət qayğısı bununla yekunlaşmadı. Dövlət başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə  “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər),  “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı,  “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” kimi mühüm sənədlər təsdiq edilmişdir.

Gənclər isə onlara göstərilən bu diqqəti yetərincə, vicdanla dəyərləndirdi. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.  

Gənclər ölkənin təbii ehtiyatlarının, ekologiyasının qorunmasında mühüm rol oynayır. Bunun üçün dövlət tərəfindən  əsas məqsədi gəncləri iqlim dəyişikliyi və ətraf mühitin qorunması sahəsində təşəbbüslərə cəlb etmək olan “Gənc İqlim Elçiləri” proqramı və “İqlim Həftələri” çərçivəsində 45 000 gənci əhatə edərək 625 tədbir təşkil olunub. Ekoloji maarifləndirmə sahəsində həyata keçirilən təmizlik və ağacəkmə aksiyaları nəticəsində isə ümumilikdə 5 592 ağac əkilib.

Noyabrın 11-22-də Bakıda keçirilmiş BMT-nin COP29 Konfransı çərçivəsində Yaşıl zonada fəaliyyət göstərən “Gənclər Evi” pavilyonunda davamlılıq və iqlim liderliyi mövzularında seminarlar, vörkşoplar və panel müzakirələri olmaqla ümumilikdə 27 tədbir təşkil olunub. Gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədəki rolunu vurğulamaq məqsədilə təşkil edilən pavilyonu 7000 nəfər ziyarət edib.

Hər bir fəal Azərbaycan gəncini Gənclər Günü münasibətilə təbrik edirik. O da faktdır ki, bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Azərbaycan gəncləri azad ölkədə yaşayır, sabitlik olan ölkədə yaşayır, özünə güvənən ölkədə yaşayır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.  

Rza XUDİYEV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Xalq artisti