Pərviz Şahbazov: "Enerji siyasətləri balanslı və praqmatik olmalıdır"

Pərviz Şahbazov: "Enerji siyasətləri balanslı və praqmatik olmalıdır"

01 İyun 2026

Dünyada enerji sahəsi üzrə yürüdülən siyasətlər balanslı və praqmatik olmalıdır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu energetika naziri Pərviz Şahbazov 31-ci Bakı Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, son zamanlarda yaşanan enerji böhranı enerji təhlükəsizliyi üçün resursların mövcudluğunun vacib olduğunu, lakin bunun kifayət etmədiyini fundamental bir reallıq kimi çox aydın şəkildə nümayiş etdirib: "Bizə, əlbəttə ki, etibarlılıq, uzunmüddətli öhdəlik lazımdır və təbii ki, bu məsələdə dayanıqlılıq lazımdır. Burada enerji siyasətləri çox vacibdir".

Nazir bildirib ki, enerji siyasətləri, təbii ki, bugünkü enerji bazarının tələblərinə cavab verməli, eyni zamanda gələcəyə hesablanmış olmalıdır: "Biz gələcək enerji təhlükəsizliyimizi hazırlamalıyıq. Məhz buna görə də tərəfdaşlıq bölgəmizdə çox çevik, praqmatik və balanslı enerji siyasətlərinə malik olmaq son dərəcə vacibdir. Əbəttə ki, şaxələndirməni qeyd etmək istərdim. Bu günlərdə marşrutların, mənbələrin və texnologiyaların şaxələndirilməsi artıq sübut olunmuş bir faktdır və biz gələcəkdə şaxələndirmə olmadan fəaliyyət göstərə bilmərik. Demək olar ki, böhran bu ehtiyacı çox yaxşı nümayiş etdirib. Azərbaycan nəinki enerji təchizatçısı, həm də hazırkı və gələcək enerji təhlükəsizliyini birlikdə qura biləcəyimiz etibarlı və proqnozlaşdırıla bilən bir tərəfdaş olub və olmaqda davam edir".