Peşə təhsili üzrə ilk elektron diplom təqdim edilib
Azərbaycanda artıq ilk elektron diplom təqdim edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu ilki yeni qərara əsasən, ümumi təhsil haqqında attestatlar, peşə təhsili sertifikatları, həmçinin ali və orta ixtisas təhsili üzrə diplomlar və arayışlar elektron qaydada təqdim edilir:
"Artıq ilk elektron diplomu vermişik. İlk elektron diplom peşə təhsili alan vətəndaşa təqdim olunub. Yaxın günlərdə elektron diplom və attestatların myGov platforması üzərindən əlçatanlığı təmin ediləcək".
O qeyd edib ki, məqsəd cari ildən etibarən bu imkanları bütün vətəndaşlar üçün əlçatan etməkdir:
"Burada əsas məqam ondan ibarətdir ki, təhsil müəssisəsi təhsilalan barədə bütün məlumatları sistemdə təsdiqləyib elektron qaydada imzaladıqdan sonra attestat və ya diplom avtomatik formalaşacaq. Bu, həm vaxt itkisini aradan qaldıracaq, həm də sənədlərin operativ şəkildə yoxlanılmasına imkan yaradacaq".








