Şagirdlərin ev tapşırığını süni intellekt yoxlayacaq
Azərbaycanda şagirdlər üçün köməkçi mentor - süni intellekt həlli EduSLM istifadəyə veriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə jurnalistlərin sorğusuna cavab olaraq, Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sistem Elm və Təhsil Nazirliyi ilə Presight G42 şirkəti ilə əməkdaşlıq çərçivəsində baş tutacaq:
"Bu sistem şagirdlər üçün köməkçi mentor rolunu oynayaraq onların bilik səviyyəsinə uyğun fərdiləşdirilmiş dəstək verəcək. EduSLM dərsliklər üzrə suallara cavab vermək, testlər hazırlamaq, ev tapşırıqlarını yoxlamaq və qiymətləndirmək kimi funksiyaları yerinə yetirir. Eyni zamanda, interaktiv tədris materialları yaradır, şagird nailiyyətlərini analiz edir və tədris prosesinin daha effektiv təşkilinə kömək edir".
Həmçinin qeyd edilib ki, süni intellekt texnologiyaları təhsildə keyfiyyət dəyişikliyi yaradaraq müəllimlərin işini asanlaşdırır, vaxtın daha səmərəli idarəsinə və dərslərin nəticəyönümlü təşkilinə kömək edir:
"Bu texnologiyalar həm də şagirdlər üçün fərdiləşdirilmiş və adaptiv öyrənmə mühiti yaradaraq onların fərdi inkişafına şərait yaradır".
Qeyd edək ki, ötən ayın 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda yeni çağırışlar, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklər müzakirə edilib.








