Prezidentin yeni fərmanı məhkəmə ekspertizasında rəqəmsallaşma və şəffaflığa strateji addımdır
Hüquq sistemində rəqəmsallaşma zərurəti
Müasir dövrdə hüquq sisteminin səmərəliliyi yalnız normativ-hüquqi bazanın mütərəqqiliyindən deyil, həm də hüquqi proseslərin idarə olunmasında innovativ texnoloji həllərin tətbiqindən asılıdır. Azərbaycanda ədalət mühakiməsinin keyfiyyətinin artırılması, sübutların obyektivliyinin təmin edilməsi və korrupsiya risklərinin minimuma endirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Məhkəmə ekspertizası isə bu prosesdə xüsusi əhəmiyyət kəsb edən institusional mexanizmdir. Belə ki, ekspert rəyləri çox zaman cinayət, mülki və inzibati işlər üzrə məhkəmələrin, eləcə də ibtidai istintaq orqanlarının qərarvermə prosesinə birbaşa təsir edir. Buna görə də, ekspertiza fəaliyyətinin şəffaf, standartlaşdırılmış və operativ idarə olunması hüquq sisteminin və hüquqi dövlət quruculuğunun təməl tələblərindən biridir.
2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası kontekstikdə Fərmanın əhəmiyyəti
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 noyabr 2025-ci il tarixli “Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılması haqqında” Fərmanı hüquqi dövlət quruculuğunda və “rəqəmsal ədliyyə” modelinin formalaşdırılmasında fundamental dönüş nöqtəsi hesab olunur. Belə ki, bu fərman təkcə texniki yeniliyi ilə deyil, həm də məhkəmə ekspertizası institutunun hüquqi, təşkilati və metodoloji əsaslarının yenidən qurulması ilə bağlı fundamental dəyişikliklərin həyata keçirilməsi baxımından olduqca əhəmiyyətlidir. Məlum olduğu kimi, “Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılmasını nəzərdə tutan fərmanın qəbul olunması təkcə yaranmış mövcud institusional ehtiyaclar fonunda deyil, eyni zamanda Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasında müəyyən edilmiş hədəflərlə səsləşən addımdır. Strategiyanın əsas istiqamətlərindən biri dövlət idarəetməsində süni intellektin tətbiqi, data əsaslı qərar qəbuletmənin genişləndirilməsi, məlumatların təhlükəsiz emalı və rəqəmsal proseslərin tam inteqrasiya olunmasıdır. Bu baxımdan, fərmanda nəzərdə tutulan informasiya sistemi məhz dövlətin süni intellektə və rəqəmsallaşmaya keçid strategiyasının hüquq-mühafizə və məhkəmə ekspertizası sahəsində real təzahürü kimi çıxış edir.
Strategiyada göstərilən “dövlət idarəetməsində səmərəliliyin artırılması üçün süni intellekt həllərinin tətbiqi”, “məlumat idarəetməsinin təkmilləşdirilməsi”, “bulud əsaslı resursların genişləndirilməsi”, “etik və məsuliyyətli rəqəmsal sistemlərin qurulması” kimi hədəflər məhkəmə ekspertizası prosesinin elektronlaşdırılması ilə bilavasitə əlaqəli sahədir. Unutmamaq lazımdır ki, sözü gedən fərmanla yaradılacaq sistem yalnız məlumatların elektron mühitdə idarə olunmasını təmin etmir, eyni zamanda gələcəkdə süni intellekt modellərinin tətbiqi üçün zəruri olan data ekosisteminin formalaşmasına şərait yaradır. Ekspertiza qərarlarının, ekspert rəylərinin, tədqiqat metodlarının və arxivləşdirilmiş məlumatların vahid informasiya bazasında toplanması hüquq sahəsində “böyük həcmli məlumat” mühitinin formalaşmasına imkan verərək, süni intellektlə işləyən analitik alətlərin tətbiqinə geniş perspektivlər açır.
Sirr deyil ki, süni intellektin hüquq-mühafizə və məhkəmə sistemlərində tətbiqinin əsas şərtlərindən biri təhlükəsiz, ardıcıl və standartlaşdırılmış məlumatın mövcudluğudur. Strategiyada xüsusi vurğulanan yüksəksəviyyəli hesablama infrastrukturunun qurulması və bulud əsaslı resurslardan istifadənin genişləndirilməsi ilə Fərmanda göstərilən “Hökumət buludu”nda yerləşdirmə tələbi tam səsləşir. Bu uyğunluq süni intellekt sistemlərinin tətbiqi, analitik modellərin işlənməsi və məhkəmə ekspertizası proseslərində risk proqnozlaşdırılması kimi funksiyaların gələcəkdə tətbiq edilməsinə şərait yaradır və ilkin zəruri infrastruktur qurur.
“Məhkəmə Ekspertizası” İnformasiya Sisteminin yaradacağı üstünlüklər və gözləntilər
Fərmanda qeyd olunan müddəalar göstərir ki, artıq ekspertiza təyinatı, icra prosesi, rəyin hazırlanması və təqdim edilməsi mexanizmləri vahid elektron platforma üzərindən həyata keçirilməklə ekspertiza fəaliyyətinin prosessual şəffaflığını artıracaq, məlumatların etibarlı qorunmasını, elektron hüquqi dövriyyəni və bütün digər əməliyyatların izləniləbilən hüquqi mexanizmlər çərçivəsində aparılmasını təmin edəcəkdir. Bununla da məhkəmə ekspertizası sahəsində həm idarəetmə səmərəliliyi yüksələcək, həm də ekspert rəylərinin keyfiyyəti, obyektivliyi və prosessual legitimliyi daha güclü hüquqi təminat altına alınacaqdır.
“Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılması haqqında Fərman həm də özü ilə ekspertiza fəaliyyətinin rəqəmsal mühitə daşınması ilə hüquq sistemində həm normativ-hüquqi, həm də idarəetmə baxımından mühüm yeniliklərə yol açır. Yeni sistem məhkəmə və istintaq orqanları tərəfindən elektron qaydada göndərilən qərarların təhlükəsiz şəkildə qəbulunu təmin etməklə elektron hüquqi sənəd dövriyyəsini institusionallaşdırır, prosessual aktların müasir texniki standartlara uyğun rəqəmsal təsdiqlənmə mexanizmi ilə işlənməsi isə qərarların hüquqi qüvvəsinin qorunmasını təmin edir. Ekspertlər üçün fərdi elektron kabinetlərin yaradılması onların fəaliyyətinin bütün mərhələlərinin rəqəmsal izləniləbilənliyini təmin etməklə səlahiyyətlərin icrasında şəffaflığı artırır, ekspert fəaliyyətinin hüquqi nəzarət mexanizmlərini gücləndirir və məsuliyyətin aydın müəyyənləşdirilməsinə imkan yaradır. Ekspertiza müddətlərinin elektron nəzarət altında izlənməsi prosessual gecikmələrin qarşısını almağa yönəlmiş preventiv yanaşma olmaqla, prosessual iqtisadiyyat prinsipinin real tətbiqinə şərait yaradır və istintaq prosesinin effektivliyini artırır. Eyni zamanda, ekspert rəylərinin gücləndirilmiş elektron imza ilə təsdiqlənməsi onların hüquqi legitimliyini artırır, sənədlərin autentikliyini təmin edir və hüquqi mübahisələrdə sübut kimi qəbul olunmasını daha etibarlı edir. Dövlət reyestrlərinin- o cümlədən, “Məhkəmə Ekspertlərinin Reyestri”, tədqiqat metodlarının dövlət reyestri və metodik fondun – vahid sistemə inteqrasiyası ekspertiza fəaliyyətində metodoloji vahidlik yaradır, tətbiq olunan metodların hüquqi standartlara uyğunluğunu təmin edir və ekspert rəyinin elmi-hüquqi dayaqlarını gücləndirir.
Fərmanın strateji əhəmiyyəti ondan ibarətdir ki, bu addım ölkədə rəqəmsal ədalət siyasətinin yeni mərhələyə keçməsinə təkan verir, ekspertiza prosesində subyektiv müdaxilə imkanlarını minimuma endirir, əməliyyatların elektron izlə təmin edilməsi yolu ilə korrupsiya risklərini kəskin şəkildə azaldır, istintaq və məhkəmə orqanları arasında informasiya mübadiləsini sürətləndirir və qərarvermə mexanizmlərinin operativliyini artırır. Yaradılacaq vahid elektron arxiv həm ekspertiza fəaliyyətinin institusional yaddaşını formalaşdırır, həm də gələcək hüquqi araşdırmalar və analitik təhlillər üçün davamlı sübut bazası yaradır. Şübhəsiz ki, bu, qısa müddətdə dövlət qurumları arasında informasiya inteqrasiyasının güclənməsi institusional sinxronluğun artmasına və məhkəmə-hüquq sisteminin idarəetməsində yeni koordinasiya modelinin formalaşmasına səbəb olacaqdır.
Ümumiləşdirdiyimizdə deyə bilərik ki, cənab prezidentin bu fərmanı rəqəmsal-hüquqi institusional islahatların əsas komponentlərindən biri kimi Azərbaycan hüquq sisteminin rəqəmsal transformasiyasının mühüm mərhələsidir və ölkədə ədalət mühakiməsinin müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir. Bu islahat hüquqi siyasətin strategiyasına uyğun olaraq, hüququn aliliyinin təmin edilməsi və vətəndaşların hüquqlarının daha etibarlı qorunması istiqamətində atılmış növbəti əhəmiyyətli addımdır. Əminliklə bildirmək lazımdır ki, bu hüquqi islahat yaxın gələcəkdə öz bəhrəsini verəcək, ölkənin hüquq sisteminə əhəmiyyətli töhfə kimi həmişəlik öz layiqli yerini alacaqdır.
Yusif MİRZƏZADƏ
Naxçıvan Dövlət Universiteti
Tələbə Elmi Cəmiyyətinin sədri








