Qubadlıda günəş enerjisi ilə işləyən avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

Qubadlıda günəş enerjisi ilə işləyən avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

17 Oktyabr 2026

Qubadlı rayonunda müasir texnoloji həllər əsasında avtonom radiomonitorinq stansiyası qurularaq fəaliyyətə başlayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Radiotezliklər İdarəsinə istinadən xəbər verir.

Bildirilib ki, yalnız günəş enerjisi hesabına işləyən stansiya radiotezliklərin istifadəsinə sutkanın istənilən saatında uzaqdan monitorinq aparmağa, radiomaneələrin operativ şəkildə müəyyən edilməsinə və radionəzarət tədbirlərinin daha effektiv şəkildə təşkil olunmasına şərait yaradır.

Qurum "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına uyğun olaraq eyni zamanda Şuşa, Laçın, Zəngilan, Ağdam, Kəlbəcər, Suqovuşan və Füzulidə radiomonitorinq stansiyalarını istismara verib.

İş planına müvafiq şəkildə işğaldan azad edilmiş ərazilərdə radiomonitorinq, ölçmə, texniki nəzarət və vizual müşahidə tədbirlərinin davam etdirildiyi qeyd olunub.