Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev almanlar və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixinə həsr olunmuş "Counterpoint" sənədli filmi barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, filmdə əks olunan tarix indiki Almaniyanın Baden-Vürtemberq federal torpağından Azərbaycana köçmüş şvab ailələrinin məskunlaşması ilə başlayır.
"Sənədli filmdə alman köçkünlərin və yerli azərbaycanlıların öz dinlərini, dillərini, ənənələrini qoruyaraq necə firavan icmalar qurduqları göstərilir. Bununla belə, sovet repressiyaları, deportasiyalar və müharibə iki xalq arasında formalaşmış birgəyaşayış ənənəsini pozub.
Köçkünlərin nəsillərinin, tarixçilərin və diplomatların xatirələri əsasında hazırlanan filmdə bu günədək qorunub saxlanılan mədəni irs və tarixi yaddaşın keçmişin sınaqlarından necə çıxdığı araşdırılır", - o yazıb.








