Reges Tikinti Materialları “Grand CEO Tour - Naxçıvan” səfərinə ev sahibliyi edib -

Reges Tikinti Materialları “Grand CEO Tour - Naxçıvan” səfərinə ev sahibliyi edib - FOTO

13 Dekabr 2025

Reges Tikinti Materiallarının Caspian Energy Club və MilliBiz platforması ilə əməkdaşlığı çərçivəsində təşkil etdiyi “Grand CEO Tour – Naxçıvan” səfəri uğurla həyata keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, səfər çərçivəsində qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra iştirakçılar Reges Tikinti Materialları zavodunda olub, müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar. Qonaqlara zavodun istehsal gücü, müasir texnoloji avadanlıqlar, məhsulların hazırlanma mərhələləri və keyfiyyətə nəzarət mexanizmləri barədə ətraflı məlumat verilib. Səfər zamanı müxtəlif istehsalat sahələri gəzilib, tikinti materiallarının hazırlanma prosesi yerində izlənilib, mütəxəssislərlə fikir mübadiləsi aparılıb. Bu ziyarət Reges Tikinti Materiallarının sənaye sahəsində tətbiq etdiyi innovativ yanaşmaları və yüksək istehsal standartlarını nümayiş etdirib.

Tədbir çərçivəsində Reges Tikinti Materialları Caspian Energy Club tərəfindən “Energy for Business” təşəkkür mükafatı və sertifikatı ilə təltif olunub.

Zavod ziyarətindən sonra qonaqlar Naxçıvan şəhərinin tarixi və memarlıq irsini əhatə edən şəhər turuna qatılıblar. Tur zamanı bir sıra tarixi abidələr ziyarət edilib.

Günün sonunda iştirakçılar üçün şam yeməyi təşkil olunub, biznes və əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb. 

Tədbirin yekununda isə Reges Tikinti Materialları tərəfindən Caspian Energy Club nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub.

Reges Tikinti Materialları Caspian Energy Club-a göstərilən etimada görə təşəkkürünü bildirərək, gələcəkdə birgə daha güclü və strateji layihələrin reallaşdırılacağını vurğulayıb.