Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin qorunması məqsədilə qanun layihəsi hazırlanıb
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna bir sıra dəyişikliklər təklif edilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iyunun 8-də keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.
Sənədin əsas anlayışlarına bir sıra əlavələr edilir:
- sosial şəbəkə platforması – istifadəçilərə fərdi rəqəmsal hesab yaratmaq, digər istifadəçilərlə virtual əlaqə qurmaq və rəqəmsal məzmunu (mətn, foto, video, audio və s.) fərdi və (və ya) kütləvi şəkildə paylaşmaq imkanı verən, əsas funksiyası istifadəçilər arasında rəqəmsal qarşılıqlı əlaqəni təmin etməkdən ibarət olan informasiya sistemi;
- yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platforması (bundan sonra – platforma) – yaş məhdudiyyəti nəzərə alınmaqla, rəqəmsal məzmunun (mətn, foto, video, audio və s.) kütləvi şəkildə paylaşılması vasitəsilə istifadəçilər arasında rəqəmsal qarşılıqlı əlaqəni (təhsil, səhiyyə və ya peşəkar-işgüzar münasibətlərin qurulması istisna olmaqla) təmin edən informasiya sistemi;
- yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi (bundan sonra – provayder) – platformanın texnoloji infrastrukturunu formalaşdıran, onun fəaliyyət prinsiplərini və istifadəçi qaydalarını müəyyən edən, rəqəmsal məzmunun (mətn, foto, video, audio və s.) paylaşılması alqoritmlərinə və istifadəçi məlumatlarının emalı prosesinə birbaşa nəzarət edən, habelə həmin platformanın idarə olunmasına cavabdeh olan hüquqi və ya fiziki şəxs;
- fərdi rəqəmsal hesab – fiziki və ya hüquqi şəxsin platformada qeydiyyatı zamanı yaradılan, onun identifikasiyasını, ona məxsus məlumatların yerləşdirilməsini, idarə olunmasını və paylaşılmasını, digər istifadəçilərlə əlaqə qurulmasını, habelə xidmətlərdən fərdiləşdirilmiş qaydada istifadə edilməsini təmin edən, unikal identifikasiya və giriş məlumatları (istifadəçi adı, parol, çoxfaktorlu autentifikasiya vasitələri və s.) ilə qorunan, istifadəçiyə aid hüquq və öhdəliklərin tətbiq olunduğu rəqəmsal səhifə.
Qanun layihəsi rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin olunması, habelə platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.








