Sahibə Qafarova Ana Brnabiçlə görüşüb - FOTO
Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya işgüzar səfəri çərçivəsində iyunun 2-də bu ölkənin Milli Assambleyasının sədri Ana Brnabiçlə görüşüb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Milli Məclisin sədrini salamlayan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç bildirib ki, Azərbaycan Serbiya üçün dost və müttəfiq ölkədir və iki ölkə arasında münasibətlər günbəgün inkişaf edir.
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransının yüksək səviyyədə təşkilini qeyd edərək, bu cür tədbirlərin mövcud problemlərin müzakirə olunmasında mühüm platforma olduğunu diqqətə çatdırıb.
Dost və strateji tərəfdaş olan ölkələrimiz arasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolundan danışan spiker Sahibə Qafarova bu kontekstdə Prezident İlham Əliyevin və Prezident Aleksandar Vuçiçin qarşılıqlı səfərlərinin, görüşlərinin və bu səfərlər zamanı imzalanmış sənədlərin önəmini diqqətə çatdırıb.
Görüşdə parlamentlər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.









