Sədərək rayonunda “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin nümayəndəliyi təsis edilib
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki, 29 oktyabr 2025-ci il tarixində Sədərək Rayon İcra Hakimiyyətinin binasında Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin iclası keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclasda İctimai Birliyin həmtəsisçisi Üzeyir Məmmədov, sədri Mayis Gülməmmədov, idarə heyətinin üzvləri və Sədərək rayonundan olan şəhid ailələrinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilib. Sonra ümummilli liderin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclası Üzeyir Məmmədov açdıqdan sonra Mayis Gülməmmədov çıxış edərək ictimai birliyin fəaliyyəti ilə bağlı məlumat verərək bildirib ki, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi fəaliyyətini muxtar respublikanın bütün rayon və şəhərlərində genişləndirərək şəhid ailələrinin sosial müdafiəsinə, mənəvi dəstəyinə və vətənpərvərlik dəyərlərinin təbliğinə töhfə vermək istiqamətində ardıcıl addımlar atır.
Bu məqsədlə Sədərək rayonunda Birliyin nümayəndəliyinin yaradılması qərara alınıb. Yeni nümayəndəlik şəhid ailələri ilə daha sıx əlaqələrin qurulmasına, onların müraciətlərinin yerində araşdırılmasına və bölgələrdə fəaliyyətin daha səmərəli təşkilinə imkan verəcək.
Qeyd olunub ki, ictimai birliklər dövlət və cəmiyyət arasında mühüm körpü rolunu oynayır, sosial həmrəyliyin və milli birlik ruhunun möhkəmlənməsinə xidmət edir. Bu baxımdan “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin fəaliyyəti şəhid ailələrinin səsinin cəmiyyətə və dövlətə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.
İclasın yekununda Sədərək rayon nümayəndəliyinin rəhbəri (nümayəndəsi) vəzifəsinə Rzayev Hümbət Məmməd oğlu seçilib. Rzayev Hümbət Məmməd oğlu eyni zamanda “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin idarə heyətinin üzvü kimi təsdiq edilib. “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin idarə heyətinə Sədərək rayonundan əlavə olaraq Zamanov Firdovsi İmran oğlu qəbul edilib.
Birlik şəhidlərimizin əziz xatirəsini daim uca tutur, onların ailələrinə qayğı və ehtiramla yanaşır və gələcəkdə də bu istiqamətdə sosial layihələr və anım tədbirlərinin həyata keçirilməsini davam etdirəcək.
Sonda Sədərək rayon Şəhidlər xiyabanı ziyarət edilərək şəhidlərimizin ruhuna dualar oxunub, xatirə fotosu çəkdirilib.














