Kəngərlidə Zəfər Gününə həsr olunmuş minifutbol birinciliyi keçirilib - FOTO
Kəngərli rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5-ci ildönümünə həsr olunan minifutbol birinciliyi başa çatıb. Yarışda 10 komanda mükafatlar uğrunda mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, oktyabrın 28-i yarışın final oyunu keçirilib. Həlledici qarşılaşmada Şahtaxtı Gömrük Postunu və Maliyyə Şöbəsini təmsil edən komandalar üz-üzə gəlib. Oyunu 8:3 hesablı üstünlüklə tamamlayan gömrükçülər birinciliyin qalibi olublar. Maliyyə şöbəsi ikinci, Xok kənd tam orta məktəbi (müəllimlər) isə üçüncü yerə sahib çıxıb.
Mükafatlardırma mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov və rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfəri barədə fikirlər səsləndirib, Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhuna ehtiramlarını ifadə ediblər.
Yer tutmuş komandaları təbrik edən və bütün iştirakçılara uğurlar arzulayan rəsmilər mükafatları şəxsən təqdim ediblər.
Qeyd edək ki, Kəngərli Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq Gənclər-İdman Məktəbinin birgə təşkilatçılığı iə keçirilən yarış əhali arasında sağlam həyat tərzinin təbliği, o cümlədən vətənpərvərvərlik hisslərinin gücləndirilməsi məqsədinə xidmət edib.












