Naxçıvanda tələbələr hərbi-idman oyununda yarışıblar - FOTO
Oktyabrın 28-i muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında "Konstitusiya və Suverenlik İli" ili ilə əlaqədar “Vətən naminə” hərbi-idman oyunu keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Əlahiddə Ümumqoşun Ordu tərəfindən birgə təşkil olunan yarışda 4 komanda iştirak edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, komandalar sıra hazırlığı, fiziki hazırlıq, avtomatın natamam sökülməsi və yığılması, darağa patron doldurulması və boşaldılması, maneələrin dəf olunması, sanitarların yarışı mərhələlərində müvafiq tapşırıqları yerinə yetiriblər.
Nəticələrin cəminə əsasən Naxçıvan Dövlət Universitetinin komandası oyunun qalibi olub. Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Müəllimlər İnstitutunun komandaları yarışı müvafiq olaraq ikinci, üçüncü sıralarda tamamlayıblar. İlk üçlükdəki komandaların üzvləri nazirlik tərəfindən tərəfindən kubok, medal, diplom və fəxri fərmanla təltif olunublar.












