Azərbaycan Olimpiya Kubokunda Naxçıvanı təmsil edəcək komanda məlum olub - FOTO
Oktyabrın 25-i “Nə? Harada? Nə zaman?” (NHN) İntellektual Oyunu üzrə Azərbaycan Olimpiya Kubokunun Naxçıvan üzrə seçim turu keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan seçim turunun yarışmasında 13 komanda qələbə uğrunda mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, iki turdan ibarət oyunda "Turangheta" komandası qalib olmaqla Azərbaycan Olimpiya Kubokunun final mərhələsində çıxış etmək hüququ əldə edib. İlk üçlüyü müvafiq ardıcıllıqla "Paradoks" və "Könüllülər" komandaları tamamlayıblar.
Qeyri-Hökumət Təşkilatların Dövlət Dəstəyi Agentliyinin dəstəyi, "Gənclərin İntellektual İnkişaf Mərkəzi" İctimai Birliyi və "3sual” intellektual oyunlar platformasının birgə təşkilatçılıq etdiyi “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Azərbaycan Olimpiya Kubokunda seçim turları Naxçıvanla yanaşı, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Quba və Xankəndi şəhərlərini əhatə edir.











