Fəsil dəyişkənliyinin yaratdığı xəstəliklərdən necə qorunaq? - HƏKİM MƏSLƏHƏTİ
Fəsil dəyişkənliyi ilə əlaqədar xəstələrdə kəskin respirator infeksiyalara, xüsusilə yuxarı və aşağı tənəffüs yolları xəstəliklərinə tez-tez rast gəlinir. Bu dönəmdə yaranan və "influenza" adlanan "qrip" xəstəliyi də bu qrupdandır.
Bu fikirləri "NAXÇIVANXƏBƏRLƏRİ"- nə müsahibəsində Yoluxucu Xəstəliklər Mərkəzinin infeksionist həkimi Nəzmin Allahverdiyeva bildirib.
Onun sözlərinə görə, mövsümi xəstəliklərdən qorunmaq üçün müxtəlif profilaktik tədbirlər görmək vacibdir:
"Qidalanma və yuxu rejimi immunitetin qorunmasında əsas rol oynayır. İnsanlar bol vitaminlə zəngin meyvə-tərəvəz, zülal və proteinlərlə balanslaşdırılmış qidalar qəbul etməlidirlər. Allergiyası olmayan şəxslərə sitrus meyvələrindən istifadə etməyi məsləhət görürük. Əgər ağız yolu ilə qidalanma çətinlik yaradırsa, həkim nəzarəti altında əlavə multivitamin kompleksləri qəbul edilə bilər".
Həkim həmçinin allergik simptomlarla qrip arasında fərqləri də izah edib:
"Bəzən mövsüm dəyişikliyi zamanı yaranan allergiya və qrip eyniləşdirilir. Halbuki qripdə burun axıntısı əsas əlamət deyil - bu, doğru bilinən yanlışlardandır. Qrip kəskin şəkildə başlayır, ümumi halsızlıq, sümük və əzələ ağrıları, yüksək hərarət (38° və yuxarı), boğaz ağrısı və qıcıqlanma ilə müşayiət olunur. Allergik xəstələr qripə daha meyilli olurlar".
Nəzmin Allahverdiyeva qeyd edib ki, vaksinasiya mövsümi xəstəliklərdən qorunmada ən effektiv üsullardan biridir:
"Peyvəndlər xəstəliklərdən qoruma ehtimalını xeyli artırır. Xüsusilə yaşlılar, hamilələr, uşaqlar və xroniki xəstəlikləri olan şəxslərin vaksinasiya olunmaları tövsiyə olunur. Payız mövsümündə vurulan qrip peyvəndi bu baxımdan çox vacibdir".
Həkim eyni zamanda ev şəraitində aparılan tibbi müdaxilələrin yaratdığı risklərə də diqqət çəkib:
"Mövsümi xəstəliklər zamanı virus infeksiyaları üstünlük təşkil etdiyindən, bəzi şəxslər lazımsız şəkildə antibiotik və ya vena daxili vitamin komplekslərindən istifadə edirlər. Bu, infeksiyaya təsir etmir, əksinə, allergik və digər ağır reaksiyalara səbəb ola bilər. Ev şəraitində sistem qoşmaq və antibiotik istifadəsi yolverilməzdir".
Müsahibəni hazırladı:
Nəzrin UMAY








