Şöbə müdiri: Şahbuz rayonunun Kükü və Ordubad rayonunun Pəzməri kəndləri ilkin mərhələdə turistik kənd olaraq müəyyənləşdirilib

Şöbə müdiri: Şahbuz rayonunun Kükü və Ordubad rayonunun Pəzməri kəndləri ilkin mərhələdə turistik kənd olaraq müəyyənləşdirilib

17 Oktyabr 2025

Bu gün Dövlət Turizm Agentliyi tərəfindən Naxçıvan Muxtar Respublikasına mediatur təşkil olunub. Mediatur çərçivəsində jurnalistlər muxtar respublikanın turizm potensialı, təbii və mədəni irs obyektləri ilə yaxından tanış olublar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov jurnalistlərə açıqlamasında bildirib ki, Naxçıvan istiqamətində turizmin inkişaf etdirilməsi məqsədilə bir sıra işlər həyata keçirilir:

“Bizim əsas məqsədimiz Naxçıvanın turizm potensialını həm regionda, həm də ölkə xaricində tanıtmaqdır. Buradakı resurslara baxdıqda görürük ki, turizmin bütün növlərinin inkişaf etdirilməsi mümkündür. Kifayət qədər turizm infrastrukturu formalaşdırılıb və gələcəkdə bu imkanların genişləndirilməsi üçün real şərait mövcuddur".

Elgün Cavadov əlavə edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində turizm sektorunun inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir:

“Bu istiqamətdə təlimlərin keçirilməsi, kadrların hazırlanması üçün imkanlar yaradılıb. Prezident tərəfindən Naxçıvan Regional Turizm İdarəsinin yaradılması ilə bağlı müvafiq Fərman imzalanıb. Bu addım Naxçıvanın ümumdövlət vahid turizm sisteminə inteqrasiyası üçün mühüm əhəmiyyət daşıyır və digər regionlarda görülən işlərin Naxçıvanda da həyata keçirilməsinə imkan verəcək".

O, həmçinin bildirib ki, Dövlət Proqramı çərçivəsində Naxçıvanda iki turistik kəndin seçilməsi istiqamətində işlər görülüb:

“Müxtəlif kəndlərə baxış keçirilərək Şahbuz rayonunun Kükü və Ordubad rayonunun Pəzməri kəndləri ilkin mərhələdə turistik kənd olaraq müəyyənləşdirilib. Gələcəkdə bu kəndlərdə müvafiq turizm infrastrukturunun yaradılması planlaşdırılır. Hazırda Azərbaycanda səkkiz kənd bu istiqamətdə nəzərdə tutulub və bu proses Naxçıvanda da davam etdiriləcək".