Ekspert: Naxçıvanda ekoturizm potensialının tanıdılması vacib məsələdir

Ekspert: Naxçıvanda ekoturizm potensialının tanıdılması vacib məsələdir

17 Oktyabr 2025

Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyi ilə bu gün Naxçıvan Muxtar Respublikasında mediatur təşkil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin əsas məqsədi regionun turizm imkanlarının, xüsusilə də ekoturizm potensialının tanıdılması və bu sahədən gələcəkdə daha səmərəli istifadə olunmasıdır.

Mediatur iştirakçıları bu gün ekoturizm baxımından zəngin olan Şahbuz rayonunun Ağbulaq kəndində olublar. Burada turizm üçün zəruri infrastruktur yaradılıb, təbiətin qorunması və ekoloji balansın saxlanılması istiqamətində ardıcıl tədbirlər görülür.

Turizm eksperti Natiq Paşayev mediatur zamanı jurnalistlərə bildirib ki, Naxçıvanın ekoturizm potensialı çoxşaxəlidir və bu imkanların yerli və beynəlxalq mediada daha geniş tanıdılması vacibdir:

“Ağbulaq kəndi və ətraf ərazilər həm iqlim, həm də relyef baxımından ekoturizm üçün ideal məkandır. Burada yaşayan insanlar təbiətin qorunmasına xüsusi diqqət yetirir, bu isə turizm fəaliyyətinin davamlı inkişafına şərait yaradır".

Proqram çərçivəsində mediatur iştirakçılarının Şahbuz rayonunun Batabat bölgəsinə də səfəri nəzərdə tutulub. Səfər zamanı iştirakçılar bölgədəki nişanlanmış haykinq marşrutları, təbiət abidələri və turizm infrastrukturu ilə tanış olacaqlar.

Natiq Paşayev qeyd edib ki, həm Ağbulaq, həm də Batabat bölgələri Naxçıvan Muxtar Respublikasının turizm xəritəsində mühüm yer tutur və bu ərazilərin ekoturizm istiqamətində inkişafı regionun ümumi turizm strategiyasına mühüm töhfə verir.