Qorqud Quliyev: Naxçıvanda yerləşən 20 yaşayış binasında liftlər yeniləri ilə əvəz olunur

Qorqud Quliyev: Naxçıvanda yerləşən 20 yaşayış binasında liftlər yeniləri ilə əvəz olunur

22 Oktyabr 2025

Prezident müvafiq sərəncamına əsasən Naxçıvan şəhərində yerləşən 20 yaşayış binasında köhnə liftlər yeni, müasir tipli liftlərlə əvəz olunur.

Bu təşəbbüs möhtərəm prezident, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikası əhalisinə göstərdiyi qayğı və diqqətin təzahürüdür.

Bu sözləri “NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Naxçıvan Lift Xidmətinin rəisi Qorqud Quliyev bildirib.

O qeyd edib ki, artıq 20 ədəd lift Naxçıvan şəhərinə gətirilib və onların söküntü-quraşdırma işlərinə başlanılıb. Hazırda Qoçüstü və Əliqulu Qəmküsar məhəllələrində montaj prosesi davam etdirilir.

Qorqud Quliyevin sözlərinə görə, Naxçıvan şəhərində fəaliyyət göstərən liftlərdə yaranan nasazlıqlar Naxçıvan Lift Xidməti tərəfindən operativ şəkildə aradan qaldırılır və mütəmadi olaraq mühəndislər tərəfindən texniki baxış həyata keçirilir:

“Şəhər ərazisində 5 yerdə 24 saat fəaliyyət göstərən xidmət postlarımız mövcuddur. Liftdə hər hansı nasazlıq yarandıqda, əməkdaşlarımız dərhal hadisə yerinə göndərilir və problem qısa müddətdə aradan qaldırılır".

Qurum rəhbəri qeyd edib ki, yaxın gələcəkdə liftlərdə təhlükəsizlik kameralarının quraşdırılması planlaşdırılır. Bu yenilik həm vətəndaşların, həm də liftlərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək:

“Bütün liftlərdə kamera sistemləri quraşdırılacaq. Naxçıvan Lift Xidmətində yaradılacaq operativ qərargahda böyük monitor vasitəsilə bütün liftlərə nəzarət ediləcək. Beləliklə, liftdə hər hansı hadisə baş verdikdə əməkdaşlarımız dərhal müdaxilə edə biləcəklər".

Qorqud Quliyev qeyd edib ki, hazırda bəzi liftlərdə qeyd olunan əlaqə nömrələrinə zəng etmək mümkün olmur, çünki orada şəbəkə zəifdir. Yeni layihəmizdə isə hər liftə xüsusi çağırış düyməsi quraşdırılacaq. Vətəndaş bu düymə vasitəsilə birbaşa operativ qərargahla əlaqə yarada biləcək.

O, sonda bildirib ki, vətəndaşlar Naxçıvan Lift Xidmətinin rəsmi saytından https://naxcivanliftxidmeti.com/ görülən işləri izləyə, həmçinin qarşılaşdıqları problemlərlə bağlı müraciətlərini onlayn formada göndərə bilərlər.

“Saytımızda yerləşdirilən xüsusi bölmədə vətəndaşlar liftlərlə bağlı müraciətlərini qeyd edə bilərlər. Hər bir müraciət qısa müddətdə cavablandırılacaq və məsələ nəzarətə götürüləcək", - deyə qurum rəhbəri qeyd edib.

Bu layihə çərçivəsində Naxçıvanda liftlərin yenilənməsi, təhlükəsizliyin və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Müsahibəni hazırladı:

Nəzrin UMAY