Naxçıvanda bir neçə kənddaxili avtomobil yolunda əsaslı təmir işləri aparılır -

Naxçıvanda bir neçə kənddaxili avtomobil yolunda əsaslı təmir işləri aparılır - MÜSAHİBƏ

07 Oktyabr 2025

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı çərçivəsində Təfsilatlı Tədbirlər Planına uyğun olaraq “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən bir sıra yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarında əsaslı təmir işləri həyata keçirilir.

Bu barədə “NAXÇIVANXƏBƏRLƏRİ”-nə müsahibəsində Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Əli İbrahimbəyli məlumat verib.

Onun sözlərinə görə, avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə uzunluğu 6,8 km olan Ordubad rayonunun Aza-Darkənd kənddaxili və 5,2 km olan Şərur şəhərdaxili avtomobil yollarında son tamamlanma işləri aparılır.

“Aparılan təmir çərçivəsində yolların torpaq işləri görülüb, yolun alt təbəqəsi möhkəmləndirilib, qum-çınqıl materialından istifadə olunaraq yol əsası bərkidilib. Yağış və arx sularının kənarlaşdırılması üçün beton su kanalları çəkilib, metal boru su keçidləri quraşdırılıb və vətəndaşların rahat hərəkəti üçün asfalt örtüyü salınıb,” - deyə Əli İbrahimbəyli bildirib.

Hazırda uzunluğu 8,5 km olan Ordubad rayonunun Kələntərdizə-Qoşadizə kənddaxili, 11,7 km olan Ordubad rayonunun Anabad-Gənzə kənddaxili və 3,3 km olan Culfa rayonunun Gal və Şurud kənddaxili avtomobil yollarında təmir işləri layihəyə uyğun olaraq davam etdirilir.

Müsahibəni hazırladı:

Nəzrin Abbaslı