Cari ilin birinci yarısında Naxçıvan şəhərində 92 dəfə su təchizatı sistemlərində qəza baş verib

Cari ilin birinci yarısında Naxçıvan şəhərində 92 dəfə su təchizatı sistemlərində qəza baş verib

26 Sentyabr 2025

Naxçıvan Şəhər Sukanal İdarəsi tərəfindən əhali 24 saat fasiləsiz içməli su ilə təmin edilir. Qəza halları istisna olmaqla suyun verilməsində uzunmüddətli fasilələr yaranmır.

Bu barədə “NAXÇIVANXƏBƏRLƏRİ”-nə müsahibəsində Naxçıvan şəhər Sukanal İdarəsinin Müraciətlərin qəbulu və işin təşkili şöbəsinin rəisi İnci Əliyeva məlumat verib.

Onun sözlərinə görə, idarə tərəfindən əhaliyə verilən suyun tənzimlənməsi yüksək səviyyədə həyata keçirilir, davamlılığın təmin edilməsi üçün mütəmadi olaraq su xətlərinə baxış keçirilir və nasazlıqlar vaxtında aradan qaldırılır.

Şöbə rəisi qeyd edib ki, Naxçıvan şəhəri ərazisində ən çox qəza halları Əliqulu Qəmküsar küçəsində və Tumbul kəndində qeydə alınır:

“Qəza baş verən zaman həmin ərazilərə suyun verilməsi müvəqqəti olaraq dayandırılır, lakin əməkdaşlarımız hadisə yerində təmir işləri aparır və gün ərzində suyun verilməsi tam bərpa olunur”.

Cari ilin birinci yarısında Naxçıvan şəhərində 92 dəfə su təchizatı sistemlərində qəza baş verdiyini bildirən İnci Əliyeva deyib ki, bütün hallarda problem baş verdiyi gün ərzində aradan qaldırılıb və əhali fasiləsiz su ilə təmin olunub.

Payız-qış mövsümünə hazırlıq məqsədilə 190 kanalizasiya quyusunun təmizlənməsi, 3180 kanalizasiya xəttinin yuyulması nəzərdə tutulub. Bununla yanaşı, su təchizatı sistemlərinin təmiri, su hidrantlarının donmaması üçün qabaqlayıcı tədbirlər görülür.

İnci Əliyeva həmçinin qış mövsümündə sayğacların donmasının qarşısının alınması üçün vətəndaşlara qabaqlayıcı tədbirlər görmələrini tövsiyə edib.

Müsahibəni hazırladı:

Nəzrin Abbaslı