
Beşikdən məzara qədər Vətəni qorumağa and içmişik - MÜSAHİBƏ
Vətən müharibəsi zəfərimizi şəhidlərimizin qanı ilə yazdıq.
Bu fikirləri “NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Əli Orucov bildirib. O qeyd edib ki, Vətən müharibəsində qazanılan zəfər xalqımızın tarixində şanlı bir səhifə olmaqla yanaşı, şəhidlərimizin qanı ilə yazılmış müqəddəs qələbədir.
“Biz bu zəfəri şəhidlərimizin canı və qanı bahasına qazandıq. Atalarımız demişkən, Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur. Bu gün zəfərimizin 5-ci ildönümüdür və biz hamımız bu qələbəni şəhidlərimizə borcluyuq", - deyə qazı qeyd edib.
Şuranın sədri qeyd edib ki, İslam dinində şəhidlik ən ali anlayışlardan biridir:
“Şəhidlik sadəcə bir qəhrəmanlıq deyil, həm də Allah qatında mənəvi dirilik məqamıdır. Qurani-Kərimdə Allah buyurur: "Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə, onlar diridirlər, lakin siz dərk etmirsiniz" (Bəqərə, 154). Bu ayə şəhidlərin Allah qatında diri olduğunu göstərir".
Ə.Orucov deyib ki, Peyğəmbər Məhəmməd (s) də hədislərində şəhidlik məqamının fəzilətini vurğulamışdır. Şəhidlik anlayışı həm dini, həm də milli kontekstdə böyük əhəmiyyət daşıyır.
Şəhidlik təkcə bir fiziki ölüm deyil, həm də ən yüksək sədaqət və fədakarlıq nümunəsidir. Şəhid Allah rizası üçün canını fəda edən insandır. Bu isə onu yalnız cismani yox, həm də mənəvi baxımdan ucaldır. Müasir dövrdə şəhidlik anlayışı cəmiyyətin dini və milli mənəviyyatının formalaşmasında mühüm rol oynayır.
Ə.Orucov sonda bildirib ki, biz bu Vətəni beşikdən məzara qədər qorumağa and içmişik. O and ki, hər zaman sadiq qalaraq bu torpağı son nəfəsimizədək müdafiə edəcəyik. Şəhidlərimizin ruhu qarşısında borcumuz budur: onların canı bahasına qazandığımız bu müqəddəs Vətəni qorumaq və gələcək nəsillərə əmanət etmək.
Müsahibəni hazırladı:
Mətin Kamal