Pianoda ifa etmək mənim üçün ən böyük sevincdir -

Pianoda ifa etmək mənim üçün ən böyük sevincdir - Suna Qədimova ilə müsahibə

01 Oktyabr 2025

Hazırda Naxçıvan şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbində təhsil alan 13 yaşlı Suna Qədimova piano ifaçılığı ilə uğurlar qazanaraq musiqisevərlərin diqqətini çəkir.

Suna bizə deyir ki, piano arxasına keçəndə özünü ən xoşbəxt anlarında hiss edir:

“Pianoda ifa etmək mənim üçün sadəcə bir məşğuliyyət deyil, həm də ən böyük sevinclərimdən biridir. Piano arxasına keçəndə bütün hisslərimi musiqi ilə ifadə edə bilirəm”, - deyə o bildirib.

Suna müxtəlif müsabiqələrdə uğurla çıxış edib. Onun sözlərinə görə, bu nailiyyətlər ona həm inam, həm də böyük təcrübə qazandırıb:

“2021-ci ildə ifaçılıq müsabiqəsində III yer, 2023-cü ildə isə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Muxtar Respublika ifaçılıq müsabiqəsində II yer qazanmışam. Həmin il Uşaq İncəsənət Festivalının finalında iştirak etmişəm və Bakıdakı Muğam Mərkəzində çıxış etmək mənim üçün çox yaddaqalan və həyəcanlı bir an idi.

2024-cü ildə isə "Naxçıvan istedadları" festivalında iştirak edərək diplomla təltif olunmuşam”, - deyə gənc istedad vurğulayıb.

Onun sözlərinə görə, hazırda o, yenidən Uşaq İncəsənət Festivalının finalına yüksəlib və çıxış üçün böyük həvəslə hazırlaşır:

“Finala hazırlaşmaq üçün çox çalışmışam, hər gün məşqlər etmişəm. Yorulduğum anlar da olub, amma musiqini çox sevdiyim üçün heç vaxt dayanmaq istəməmişəm. Çıxışdan əvvəl həyəcan keçirirəm, amma pianoda ilk notu çalandan sonra bütün həyəcanım keçir və özümü çox xoşbəxt hiss edirəm”, - deyə o bildirib.

Suna gələcək arzularını da bölüşüb:

“Finala çıxmaq mənim üçün böyük uğurdur. Mən istəyirəm gələcəkdə daha böyük səhnələrdə çıxış edim və Azərbaycan musiqisini hər yerdə tanıdım”, - deyə gənc ifaçı qeyd edib.

Müsahibəsinin sonunda o, müəllimi və eyni zamanda anası olan Vüsalə Qədimovaya xüsusi təşəkkür edib:

“Bütün uğurlarımda anamın və müəllimimin böyük əziyyəti var. O, hər zaman yanımda olub, mənə güc verib. Mən bunun üçün ona minnətdaram”, - deyə Suna Qədimova bildirib.

Müsahibəni hazırladı:

Mətin Kamal