Sənətşünas-alim: Naxçıvanda Əcəminin abidəsinin ucaldılması təkcə bir heykəlin qoyulması deyil, tarixi hadisədir

Sənətşünas-alim: Naxçıvanda Əcəminin abidəsinin ucaldılması təkcə bir heykəlin qoyulması deyil, tarixi hadisədir

04 Oktyabr 2025

“NAXÇIVANXƏBƏRLƏRİ”-nə açıqlama verən sənətşünas-alim Nizamı Alıyev XII əsrdə Azərbaycanın intibah dövründə üç memarlıq məktəbinin fəaliyyət göstərdiyini, onlardan birinin də Əcəmi memarlıq məktəbi olduğunu bildirib.

Onun sözlərinə görə, orta əsrlərə aid Xaraba Gilan şəhər qalıqları, I Kültəpə, II Kültəpə, Maxta Kültəpə və Vəli Baxşəliyevin son araşdırmaları Naxçıvan memarlığının tarixini eramızdan əvvəl VII-VIII minilliyə qədər apardığını sübut edir.

Nizamı Alıyev Səlcuq imperiyası dövründə Əcəmi memarlıq məktəbinin rolunu xüsusi vurğulayıb:

“Səlcuqlar dönəmində memarlıqda müəyyən kobudluq var idi. Əcəmi isə bu memarlığa incəlik gətirdi, memarlıqla rəssamlığın sintezini yaratdı. Möminə Xatun türbəsinə yalnız memarlıq abidəsi kimi baxmaq düzgün olmaz. Onun üzərindəki kalliqrafik yazılar və naxışlar həm də Səlcuq memarlığına gətirilən yenilik idi ki, sonradan bu üslub bütün Şərqdə davam etdirildi”.

Alim Prezident İlham Əliyevin Naxçıvanda Memar Əcəminin abidəsinin ucaldılması ilə bağlı sərəncamının mühüm tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

“Əcəminin abidəsinin ucaldılması təkcə bir heykəlin qoyulması deyil, tarixi hadisədir. Bu, Əcəmi Əbubəkrin bənzərsiz memarlıq irsinə, milli-mədəni kimliyimizin ayrılmaz hissəsinə verilən yüksək dəyərin göstəricisidir. Əcəmi yalnız memar deyildi, o, dövrünün estetik düşüncəsini daşlarda, günbəzdə, naxışlarda əbədiləşdirən böyük sənətkar idi. Heykəlin qoyulması isə onun irsinin bu gün də yaşadığını və gələcək nəsillərə ötürüləcəyini təsdiqləyir”,- deyə o qeyd edib. 

Müsahibəni hazırladı:

Nəzrin Abbaslı