Naxçıvan gimnastları Qəbələdə uğurlu çıxış edib - FOTO
Qəbələ Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə “Grace of nature” turniri keçirilib. Oktyabrın 24-dən 26-dək davam edən yarışda ölkəmizin müxtəlif bölgələrini təmsil edən 20 idman klubundan fərdi proqram üzrə 203 gimnast və 8 qrup hərəkətləri komandası iştirak edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, turnirdə Naxçıvan Muxtar Respublikasından məşqçi Humay Qafarovanın rəhbərliyi ilə 4 idmançı təmsil olunub. Gimnastlarımız ümumilikdə 3 qızıl və 3 gümüş medal qazanıblar.
Təmsilçilərimizdən Nilufər Kərimli həm halqa, həm də lentlə hərəkətlərdə birinci yerə layiq görülüb. Daha bir qızıl medala isə İlay Sangur iplə hərəkətlərdə sahib çıxıb. Mədinə Novruzlu top və gürzlərlə, Təranə Əlizadə isə lentlə hərəkətlərdə ikinci olublar.












