Naxçıvanda Zəfər Gününə həsr olunmuş şahmat birinciliyi keçirilib - FOTO
Oktyabrın 24-ü Naxçıvan Şahmat Mərkəzində ümumtəhsil məktəblərinin oğlan və qız şagirdləri arasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş şahmat üzrə muxtar respublika birinciliyi keçirilib. İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışda 80 məktəbli iştirak edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ilk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub. O cümlədən, həvəsləndirici yer sahibləri də təltif edilib. Mükafatları Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov təqdim edib.
Nəticələrə gəlincə, oğlanlar arasında Mirsaleh Seyidli 8.5 xallıq göstərici ilə birinci olub. Yasin Əzimov (8) və Ramal Həsənov (7) isə yarışı müvafiq olaraq ikinci, üçüncü yerlərdə tamamlayıblar. Qızlar arasında Şənay Mikayılova (6.5) birinci yerə sahib çıxıb. Nigar Qənbərli (6.5) ikinci, Ayla Zamanlı (6) isə üçüncü yer olub.













