Sədərəkdə hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib - FOTO
Sədərək Rayon İcra Hakimiyyətində “Hərbi vətənpərvərlik: Vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz” mövzusunda tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Pərviz Ağayev giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov çıxışında vətəndaşlıq borcu, konstitusion vəzifələr və hüquqauyğun davranışın əhəmiyyətindən bəhs edib. Bildirilib ki, hər bir insan vətəndaşı olduğu ölkə qarşısında müəyyən vəzifə və mənəvi məsuliyyət daşıyır. Cəmiyyətdə hər bir şəxsin davranışı və fəaliyyəti onun əməllərində ifadə olunur və bu əməllər cəmiyyətə və şəxsiyyətin mənafeyinə zərər vurmamalıdır.
Daha sonra Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin əməkdaşı, polkovnik-leytenant Vüsal Əliyev, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Sənan Bədəlov, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev və Naxçıvan Hərbi Kollecinin əməkdaşı mayor Kənan Şirinov mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi, vətəndaşlıq məsuliyyəti, gənclərin hərbi xidmətə hazırlanması və konstitusion vəzifələrin mahiyyəti barədə fikirlər səsləndirilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.













