“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi olub - VİDEO
Dövlət Sərhəd Xidməti (DSX), Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilmişdir.
DSX-dan "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində keçirilən hərbi-idman oyunlarına respublikanın 36 rayonundan 181 məktəbin 905 şagirdi cəlb olunub.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən birinin məhz vətənpərvər, sağlam düşüncəli və yüksək fiziki hazırlığa malik gənclərin yetişdirilməsi olduğu vurğulanıb.
Qeyd olunub ki, məktəblilərin hərbi-fiziki hazırlığının gücləndirilməsi, onların vətənə, xalqa, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına və Ali Baş Komandana sadiq, vətənpərvərlik ruhunda tərbiyə olunması, eləcə də sərhədçi peşəsinə marağın artırılması baxımından “Sərhəd” hərbi-idman oyunları mühüm əhəmiyyət daşıyır.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra tədbir iştirakçıları və qonaqlar Yevlax şəhər Mədəniyyət Mərkəzinin kollektivinin konsert proqramını izləyiblər.
Məlumat üçün bildirək ki, 1-ci və 2-ci mərhələləri uğurla yekunlaşan yarışın final mərhələsinə Naxçıvan Muxtar Respublikasından “Sərhədçi”, Şəki şəhərindən “Qartal”, Mingəçevir şəhərindən “Qartal”, Sumqayıt şəhərindən “Dənizçi”, İmişli rayonundan “Turan”, Cəlilabad rayonundan “Musalı”, Lerik rayonundan “Çayrud”, Qusar rayonundan “Zeyxur”, Zaqatala rayonundan “Alazan”, Şəmkir rayonundan “Mübarizlər”, Qazax rayonundan “Dəli Kür” komandaları olmaqla, ümumilikdə 11 komanda vəsiqə qazanıb.
Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində keçirilən oyunların final mərhələsi may ayının 6-dək davam edəcək.
Bu müddətdə iştirakçılar sərhədçilərin xidməti döyüş fəaliyyəti, məişət şəraiti ilə yaxından tanış olacaq, ekskursiyalarda, mədəni-kütləvi tədbirlərdə, hərbi, bilik və idman yarışlarında iştirak edəcək.








