Naxçıvanda bir sıra ərazilərdə fiber-optik kabel quraşdırılır -

Naxçıvanda bir sıra ərazilərdə fiber-optik kabel quraşdırılır - FOTO

01 May 2026

Naxçıvan Muxtar Respublikasında yüksək sürətli internet infrastrukturunun inkişafı istiqamətində növbəti mühüm addım atılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC tərəfindən fiber-optik şəbəkənin genişləndirilməsi layihəsinə başlanılıb.

Layihə çərçivəsində Naxçıvan şəhərinin müxtəlif ərazilərində müasir GPON (Gigabit Passive Optical Network) texnologiyası əsasında yeni internet xətlərinin çəkilişi həyata keçirilir.

Artıq bir sıra küçə və yaşayış massivlərini əhatə edən binalarda fiber-optik kabellərin quraşdırılması işlərinə start verilib.

Hazırda işlərin aparıldığı ərazilər sırasında Heydər Əliyev prospekti, Atatürk küçəsi, Qoçüstü və Çənlibel məhəllələri, Həsən Əliyev, İstiqlal və Nizami küçələri də yer alır.

Mütəxəssislərin sözlərinə görə, həyata keçirilən layihə əhalinin yüksək sürətli və dayanıqlı internet xidmətlərinə çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Eyni zamanda, rəqəmsal xidmətlərin keyfiyyətinin yüksəldilməsi və istifadəçilər üçün daha sərfəli internet tariflərinin təqdim olunması da nəzərdə tutulur.

Qeyd edək ki, layihənin növbəti mərhələlərində fiber-optik şəbəkənin əhatə dairəsinin daha da genişləndirilməsi planlaşdırılır. Bu çərçivədə yalnız Naxçıvan şəhəri deyil, digər rayon mərkəzləri, eləcə də kənd və qəsəbələr də mərhələli şəkildə GPON şəbəkəsi ilə təmin ediləcək.

Bu təşəbbüs Muxtar Respublikada rəqəmsal transformasiyanın sürətləndirilməsi və genişzolaqlı internet xidmətlərinin əlçatanlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.