Telekommunikasiya sahəsində tələbələr təcrübəyə başlayıblar - FOTO
Aprelin 27-də Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumlarda Naxçıvan Dövlət Texniki Kollecinin müvafiq ixtisasları üzrə təhsil alan tələbələri üçün istehsalat təcrübəsinə start verilib.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, bununla bağlı keçirilən görüşdə çıxış edən Nazirliyin Aparat rəhbəri Əziz Hümbətzadə tələbələrin dövlət qurumlarında təcrübə keçməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, kadr potensialının gücləndirilməsi və gənc mütəxəssislərin peşəkar inkişafına dəstək Nazirliyin daim prioritet istiqamətlərindəndir. Həmçinin qeyd olunub ki, müasir dövrdə rəqəmsallaşma və texnoloji inkişaf dövlət idarəçiliyində əsas rol oynayır və bu sahələr üzrə ixtisaslı kadrların hazırlanması xüsusi əhəmiyyət daşıyır.
Nazirliyin İnsan resursları, hüquq, sənədlərlə və müraciətlərlə iş şöbəsinin müdiri İsmayıl Qəribli çıxışında bildirib ki, istehsalat təcrübəsi tələbələrin nəzəri biliklərini real iş mühitində tətbiq etməsinə, praktiki bacarıqlar qazanmasına və gələcək karyeralarına daha hazırlıqlı başlamalarına geniş imkan yaradır. Onun sözlərinə görə, bu cür proqramlar gənclərdə məsuliyyət hissinin artmasına və strateji düşünmə qabiliyyətinin formalaşmasına müsbət təsir göstərir.
Görüş zamanı vurğulanıb ki, tələbələr Nazirliyin tabeliyində fəaliyyət göstərən qurumlarda poçt, nəqliyyat, telekommunikasiya və radio-televiziya sahələri üzrə istehsalat təcrübəsi keçəcəklər. Təcrübə müddətində onlar qurumların gündəlik iş proseslərində iştirak edəcək, real iş mühiti ilə yaxından tanış olacaq və praktiki vərdişlərini inkişaf etdirəcəklər.
Kollecin müəllimi Hafiz Yaqubov çıxış edərək tələbələrin bu cür təcrübə proqramlarında iştirakının onların peşəkar inkişafında mühüm rol oynadığını qeyd edib, göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Sonda tələbələrə uğurlar arzulanıb, onların əldə etdikləri bilik və bacarıqları gələcək fəaliyyətlərində uğurla tətbiq edəcəkləri qeyd olunub.












