Naxçıvanda amnistiya aktı ilə neçə nəfər azadlığa buraxıldı?
Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş "Konstitusiya və Suverenlik ili" münasibətilə amnistiya elan edilməsi haqqında" 19 dekabr 2025-ci il tarixli Qərarın icrası başa çatıb. Amnistiya aktının icrası Naxçıvan Muxtar Respublikasında da 4 ay müddətində həyata keçirilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvan MR Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, dövlətin humanizm siyasətinin növbəti təzahürü olan bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Belə ki, sayca 13-cü olan bu amnistiya aktı ümumilikdə muxtar respublikada 305 şəxsə şamil edilib.
Amnistiya tətbiq olunan şəxslərin 62-i müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 78 nəfərin cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.
Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 165 şəxsə də amnistiya tətbiq edilib. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 107, islah işləri cəzasına məhkum olunmuş 8, ictimai işlər cəzasına məhkum edilmiş 1, cərimə cəzasına məhkum edilmiş 11 şəxs bu cəzalardan azad edilib. Eyni zamanda şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 38 məhkum barəsində də amnistiya tətbiq olunub.
1996-cı ildən etibarən ümumilikdə qəbul edilmiş 13 amnistiya aktı dövlətin cəza siyasətində humanizmə, insan hüquqlarının daha səmərəli təminatına, sosial ədalətə, eləcə də bərpaedici yanaşmalara üstünlük verdiyini bir daha nümayiş etdirir.








