Şərurda narkomaniyaya qarşı mübarizə müzakirə olunub - FOTO
Şərur Rayon İcra Hakimiyyətində “Narkomaniyaya qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri” mövzusunda tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə Şərur Rayon İcra Hakimiyyəti aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Yasin Nağıyev çıxış edərək narkomaniyaya qarşı mübarizənin əhəmiyyətindən danışıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Sənan Bədəlov, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Həcər Ələsgərova və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda narkomaniyanın cəmiyyətin sağlamlığı və təhlükəsizliyi üçün ciddi təhdid olduğu vurğulanıb. Bildirilib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin və sağlam nəslin formalaşdırılması baxımından dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Qeyd olunub ki, narkotizmlə mübarizə uzunmüddətli və çoxşaxəli prosesdir. Bu istiqamətdə həyata keçirilən tədbirlər kampaniya xarakteri daşımır, davamlı dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirilir. Narkomaniyanın qarşısının alınmasında hüquqi tədbirlərlə yanaşı, tibbi, sosial və maarifləndirici yanaşmaların da mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.













