“Simurq quşu” tamaşasının möhtəşəm premyerası keçirildi - FOTO
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 2025–2026-cı il teatr mövsümünün ən önəmli səhnə hadisələrindən biri baş tutub. Azərbaycan Respublikasının xalq yazıçısı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Kamal Abdullanın “Kim dedi ki, simurq quşu var imiş” əsəri əsasında hazırlanan “Simurq quşu” tamaşasının premyerası böyük maraq və alqışlarla qarşılanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yazıçının 75 illik yubileyinə həsr olunan fəlsəfi məzmunlu səhnə əsəri tamaşaçılara dərin mənalı ideyalar, simvolik obrazlar və müasir teatr estetikasının harmoniyasını təqdim edib. Zalda mövcud olan yaradıcı atmosfer tamaşa boyunca izləyiciləri duyğusal və düşüncəyə sövq edən bir səyahətə aparıb.
Tamaşada əsas rolları əməkdar artistlər Səməd Canbaxşiyev, Günay Qurbanova, xalq artisti Şirzad Abutalıbov, əməkdar artist Behruz Haxverdiyev, aktyorlar Əlizamin Abbasov, Anar Eyvazov, Zakir Fətəliyev, Şəbinəm Qaybalıyeva, Uğur Nəsirli, Xəlil Hüseynov və Ələsgər Quliyev canlandırıblar.
Səhnə əsərinin yüksək səviyyədə ərsəyə gəlməsində teatrın yaradıcı heyətinin böyük əməyi olub tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Araz Xudiyev, musiqi tərtibatçısı Əfsanə Şirəliyeva, rejissor assistenti isə Leyla Yaqubovadır.
Premyerada iştirak edən əsərin müəllifi, xalq yazıçısı Kamal Abdulla tamaşanın sonunda səhnəyə gələrək aktyor heyətini təbrik edib, yaratdıqları yüksək bədii məziyyətlərə görə təşəkkürünü bildirib və teatra gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.












