Tarixin səssiz şahidi
Naxçıvan abidələri Azərbaycanın ən qədim və ən möhtəşəm memarlıq irsini özündə birləşdirir. Bu torpaqda əsrlərin izi daşlara həkk olunmuş, hər bir tikili tarixlə sənətin vəhdətini nümayiş etdirmişdir. Naxçıvan bu baxımdan təkcə bir bölgə deyil, həm də zəngin mədəniyyət xəzinəsidir. Bu möhtəşəm irsin ən diqqətçəkən nümunələrindən biri isə Gülüstan türbəsidir. Orta əsr memarlığının sirr və estetik gözəlliyi ilə seçilən bu abidə, keçmişin dərin izlərini bu günə daşıyan dəyərli bir sənət yadigarıdır. Gülüstan türbəsi təkcə zahiri görünüşü ilə deyil, həm də hələ də tam açıqlanmayan sirləri ilə diqqət çəkir. Naxçıvan memarlıq məktəbinin dəyərli nümunələrindən biri olan bu türbə orta əsrlərin yüksək tikinti mədəniyyətini əks etdirir.
Türbənin inşa tarixi XII əsrin sonu – XIII əsrin əvvəllərinə aid edilir. Lakin onun kimə məxsus olduğu bu günə qədər dəqiq müəyyən edilməyib, türbə bir növ “sirli abidə” olaraq qalıb. Bu xüsusiyyət onu digər məşhur türbələrdən fərqləndirir.
Gülüstan türbəsi adının mənşəyi ilə bağlı dəqiq yazılı mənbə olmasa da, bir neçə elmi ehtimal mövcuddur. Ən geniş qəbul edilən fikrə görə “Gülüstan” sözü fars dilindən olub “güllər diyarı” mənasını verir. Bu isə türbənin yerləşdiyi ərazinin keçmişdə yaşıllıq və təbii gözəlliklərlə zəngin olması ilə əlaqələndirilir. Digər bir ehtimala görə, Araz çayı sahilində yerləşən bu bölgə vaxtilə çiçəkli düzənlikləri ilə seçildiyi üçün belə adlandırılıb. Həmçinin “gül” sözü Şərq memarlığında gözəllik, saflıq və cənnət rəmzi kimi də işlədildiyindən, adın simvolik məna daşıması da mümkündür. Bəzi tədqiqatçılar isə “Gülüstan” adının sonradan yerli əhali tərəfindən abidəyə verildiyini düşünürlər. Beləliklə, bu ad həm təbiət, həm də mədəni simvolika ilə bağlı müxtəlif ehtimallarla izah olunur.
Türbənin 12 üzlü gövdəsi qırmızı qumdaşından,orjinal quruluşlu kürsülüyü isə yonulmuş daşdan tikilmişdir. Azərbaycanın digər türbələrindən fərqli olaraq Gülüstan türbəsinin sərdabəsi yerüstü hissədə yerləşir. Türbənin xarici səthində tağça formalı dekorativ oyuqlar istifadə olunmuş, bu elementlər onun memarlıq görünüşünü zənginləşdirmişdir. Qüllənin bütün üzlərində yaradılan tağçaların içərisi çox incə şəkildə işlənmiş oyma ornamentərlə doldurulmuşdur. Bu ornamentlər Səlcuqlar dövrünün bir çox abidələri üçün xarakterik olan naxış növü-palmetlərdir. Orta əsr Azərbaycan incəsənətində orta hissədən kəsilmiş, coxləçəkli gül rəsminə “palmet” deyilirdi. Türbədə 7 ləçəkli palmetlər öz əksini tapmışdır. 7 ləçəkli çiçək isə Şərq mədəniyyətində daha dərin rəmzi məna daşıyaraq kamillik, bütövlük və mistik anlayışlarla əlaqələndirilirdi. Bu cür bitki motivləri abidənin səthində ritmik şəkildə təkrarlanaraq həm estetik gözəllik yaradır, həm də memarlıq nümunəsinə simvolik məzmun qazandırırdı. Bununla yanaşı tağların içində coxuclu ulduz və ondan gedən şüalara rast gəlirik. Burada beş, altı və səkkizuclu ulduzlara təsadüf edilir. Nəticədə, bu ornamentlər Naxçıvan memarlıq ənənəsində təbiətə bağlılığın və incə bədii zövqün ifadəsi kimi çıxış edir. Bu naxışlardan Azərbaycan xalçaçılığında da genis istifadə olunur.
Abidədə sərdabəni qülləvari hissədən ayıran stalaktit qurşağından əhatə edən meandr motiv işlənmişdir. Türbə üzərindəki meandr motivi əsasən sonsuzluq, davamlılıq və həyatın bitməz dövranı kimi ümumi simvolik manaları ifadə edən ornamentdir. Bu naxış İslam və Şərq memarlığında geniş yayılmış universal dekorativ elementlərdən biridir. Bəzi tədqiqatçılar meandrın ritmik və axıcı quruluşuna görə onun yaxınlıqda axan Araz çayı ilə simvolik əlaqə qura biləcəyini ehtimal etsələr də, bu fikir elmi baxımdan təsdiqlənmiş deyil. Buna görə də meandr motivi əsasən ümumi fəlsəfi məna daşıyan memarlıq elementi kimi qiymətləndirilir. Bu cür naxışlar türbənin sadə kərpic quruluşuna estetik zənginlik qatmaqla yanaşı, onun bədii və simvolik dəyərini artırmışdır.
Gülüstan türbəsi tarixə şahidlik edən digər memarlıq nümunələri kimi əsrlərin keşməkeşinə sinə gərərək naxışlanmış daşlarla ulu tariximizin əbədiləşmiş heykəlini xatırladır. Türbənin mənalı görkəmində bir gözəllik, mehribanlıq duyulur. 800 ildən çox yaşı olan, əsasən yonulub naxışlanmış yerli daşlardan tikilən bu abidəyə indi yeni həyat verilib. Nəticə etibarilə, Gülüstan türbəsi yalnız memarlıq abidəsi deyil, həm də tarix və sirrlərlə dolu bir mədəni irs nümunəsidir. Zamanın təsirinə baxmayaraq bu abidə bu gün də Naxçıvan memarlıq irsinin dəyərli bir parçası kimi qorunur və gələcək nəsillərə keçmişin zəngin mədəniyyətini çatdırır.
Günay BAYRAMOVA
"Gülüstan" Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi








